Dünyanın ən varlı və tanınmış investorlarından biri olan Uorren Baffettin su ilə bağlı açıqlaması rezonans doğurub. Məlum olub ki, 96 yaşlı milyarder təxminən 48 ildir adi su içmir, əvəzində gün ərzində bir neçə banka “Coca-Cola” qəbul edir. Hətta gündəlik kalori qəbulunun dörddə birini bu içkinin təşkil etdiyini də vaxtilə etiraf edib. İllərdir bizə suyun sağlam həyat üçün əvəzolunmaz olduğu deyilir.
Bəs Baffettin nümunəsi bu yanaşmanı şübhə altına alırmı? Yoxsa söhbət sadəcə fərdi orqanizmin xüsusiyyətlərindən və istisna haldan gedir? Ümumiyyətlə, insan adi su içmədən, yalnız qazlı və şəkərli içkilər hesabına maye ehtiyacını qarşılaya bilərmi? Bunun orqanizm üçün uzunmüddətli nəticələri nələrdir?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, kola içkisinin tərkibinin 70 faizdən çoxu sudan ibarətdir:
“Baffett kola ilə yanaşı çay, şirə və digər mayelər də qəbul edir, duru qidalarla qidalanır. Bunların hamısının tərkibində su var. Hətta quru meyvələrdə belə müəyyən miqdarda su mövcuddur. Buna görə də susuz yaşamaq mümkün deyil. İnsan orqanizmi su olmadan fəaliyyət göstərə bilməz. Ən yaxşı halda, vəziyyətdən asılı olaraq, insan bir neçə gün, nadir hallarda isə bir həftəyədək susuz qala bilər”.
Professor bildirib ki, insan orqanizmində hər gün bir neçə litr maye bağırsaqlara ifraz olunur:
“Bu, həzm prosesi üçün vacibdir. Bundan başqa, toksik maddələrin orqanizmdən xaric edilməsi üçün böyrəklər vasitəsilə də suya ehtiyac yaranır. İnsan dərisi və tənəffüs yolları vasitəsilə də xeyli miqdarda su itirir. Bu itkilər mütləq şəkildə bərpa olunmalıdır. Əgər insan kifayət qədər maye qəbul etməzsə, qanda qatılaşma, yəni hemokonsentrasiya baş verir. Bunun nəticəsində tromblaşma riski yaranır. Eyni zamanda, mikrosirkulyasiya, yəni qanın kiçik damarlarda hərəkəti, oksigenin toxumalara, karbon qazının isə toxumalardan qana ötürülməsi kimi həyati proseslərin normal getməsi üçün su vacibdir. Bu proseslərin susuz həyata keçirilməsi mümkünsüzdür”.
Adil Qeybulla
A.Qeybulla qeyd edib ki, bu, milyarderin daha çox obrazlı ifadəsi, reklam və ya öz qidalanma vərdişini nümayiş etdirməsi ilə bağlıdır:
“Ola bilsin, həmin şəxs bu cür qidalanmaya alışıb və buna psixoloji olaraq inanır. Ancaq bir daha qeyd edirəm ki, insan susuz yaşaya bilməz. Bəzən kimlərsə su içmədiklərini, yalnız çay və ya digər içkilər qəbul etdiklərini deyirlər. Lakin bütün bu mayelərin tərkibində su olduğunu unudurlar. Ona görə də belə hallarda insanın ümumiyyətlə maye qəbul etmədiyini söyləmək düzgün deyil. Çünki su müxtəlif maye qidaların tərkibində də orqanizmə daxil olur və istifadə edilir. Hər kəsə gün ərzində təmiz, qaynadılmamış su içməyi tövsiyə edirik. Ən azı yarım litr, mümkün olduqda isə bir litr su qəbul etmək məsləhətdir”.
Maraqlıdır ki, “Coca-Cola” və onun şəkərsiz versiyası “Diet Coke”a maraq göstərən tanınmış şəxslər arasında təkcə Uorren Baffett deyil. ABŞ Prezidenti Donald Tramp da “Diet Coke” həvəskarı kimi tanınır. Hətta Ağ Evdə olduğu dövrdə içki sifariş etmək üçün masasının yanında xüsusi düymə olduğu barədə məlumatlar yayılmışdı.
“Tesla” şirkətinin rəhbəri İlon Mask da “Diet Coke”a xüsusi maraq göstərən məşhurlardandır. Baffettin uzunillik biznes tərəfdaşı, investor Çarli Manger də bu içkini sevənlər arasında olub. Beləliklə, dünyanın tanınmış və varlı şəxsləri arasında qazlı içkilərə üstünlük verənlərin sayı az deyil.
Ləman İmran
Globalinfo.az

