Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 2025-ci ildə istiqrazların həcmi azalsa da, səhmlərə yatırılan vəsaitlərin dəyərində əhəmiyyətli artım qeydə alınıb.
Trend-in Fondun 2025-ci il üzrə maliyyə hesabatına əsasən hesablamasına görə, ilin sonuna istiqraz investisiyalarının dəyəri 36 milyard 280,6 milyon manat, səhmlərin dəyəri isə 27 milyard 954,8 milyon manat təşkil edib.
Hesabatda əks olunan məlumatların 2024-cü ilin göstəriciləri ilə müqayisəsi istiqraz portfelində azalma, səhmlər üzrə isə genişlənmə olduğunu göstərir. Belə ki, 2024-cü ilin sonunda istiqrazların dəyəri 42 milyard 583,4 milyon manat, səhmlərin dəyəri isə 22 milyard 710,3 milyon manat olub.
Beləliklə, 2025-ci ildə istiqraz portfelinin dəyəri 6 milyard 302,8 milyon manat və ya təxminən 14,8 faiz azalıb. Səhm portfelində isə 5 milyard 244,6 milyon manatlıq və ya 23,1 faizlik artım qeydə alınıb.
Fondun hesabatında istiqrazlar, səhmlər, törəmə maliyyə alətləri, daşınmaz əmlak fondları, özəl səhm fondları və infrastruktur fondları üzrə investisiyalar ayrıca göstərilib. Bu göstəricilər Neft Fondunun müxtəlif maliyyə alətləri üzrə investisiya bölgüsündə il ərzində baş verən dəyişiklikləri izləməyə imkan verir.
İstiqraz portfelində əsas pay suveren istiqrazların üzərinə düşüb
Dövlət Neft Fondunun istiqraz investisiyalarının sektorlar üzrə bölgüsünə əsasən, 2025-ci ilin sonunda suveren istiqrazların dəyəri 21 milyard 700 milyon manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 25 milyard 414,2 milyon manat olub.
Nəticədə suveren istiqrazların dəyəri bir il ərzində 3 milyard 714,2 milyon manat və ya təxminən 14,6 faiz azalıb.
Agentliklərin və beynəlxalq təşkilatların istiqrazları üzrə də azalma müşahidə olunub. Bu kateqoriyaya daxil olan investisiyaların dəyəri 2024-cü ilin sonunda 14 milyard 302,4 milyon manat olduğu halda, 2025-ci ilin sonunda 9 milyard 227,2 milyon manata enib. Azalma 5 milyard 75,2 milyon manat və ya 35,5 faiz təşkil edib.
Korporativ istiqrazların dəyəri isə əksinə, artıb. 2024-cü ilin sonunda 2 milyard 866,7 milyon manat olan bu göstərici 2025-ci ilin sonunda 4 milyard 25,7 milyon manata çatıb. Beləliklə, korporativ istiqrazlara yatırılan vəsaitlərin dəyəri 1 milyard 159 milyon manat və ya 40,4 faiz yüksəlib.
Bundan başqa, 2025-ci ildə istiqraz portfelində birjada ticarət olunan fondların (ETF) istiqrazları da yer alıb. Bu kateqoriya üzrə ilin sonuna 327,8 milyon manatlıq investisiya qeydə alınıb. 2024-cü ilin müqayisəli cədvəlində isə həmin istiqamət üzrə məbləğ göstərilməyib.
İstiqraz portfelinin ümumi dinamikası göstərir ki, suveren və beynəlxalq təşkilatların istiqrazlarının dəyərindəki azalma korporativ istiqrazlardakı artımdan daha böyük olub. Bu dəyişikliklər nəticəsində istiqraz investisiyalarının ümumi dəyəri əvvəlki illə müqayisədə aşağı düşüb.
Səhm portfelində texnologiya şirkətləri liderdir
Neft Fondunun səhm investisiyalarının sektorlar üzrə bölgüsündə ən böyük pay telekommunikasiya və informasiya texnologiyalarına məxsus olub. 2025-ci ilin sonuna bu sahəyə yatırılan vəsaitlərin dəyəri 8 milyard 986,1 milyon manat təşkil edib. 2024-cü ilin sonunda isə göstərici 7 milyard 563,5 milyon manat olub.
Beləliklə, telekommunikasiya və informasiya texnologiyaları sektoruna yatırımlar bir il ərzində 1 milyard 422,6 milyon manat və ya 18,8 faiz artıb.
Maliyyə sektoru üzrə səhm investisiyalarının dəyəri 2024-cü ilin sonunda 4 milyard 128,9 milyon manat olduğu halda, 2025-ci ilin sonunda 5 milyard 437,4 milyon manata yüksəlib. Bu, 1 milyard 308,5 milyon manat və ya 31,7 faiz artım deməkdir.
İstehlak sektoruna yatırılan vəsaitlərin dəyəri də artıb. 2024-cü ilin sonunda 4 milyard 23,4 milyon manat olan investisiyalar 2025-ci ilin sonunda 4 milyard 399,3 milyon manata çatıb. Artım 375,9 milyon manat və ya 9,3 faiz təşkil edib.
Sənaye sektorunda səhm investisiyalarının dəyəri 2 milyard 16,7 milyon manatdan 2 milyard 596,8 milyon manata yüksəlib. Bu, təxminən 28,8 faiz artımdır.
Səhiyyə sektoruna yatırılan vəsaitlər 2 milyard 202,7 milyon manatdan 2 milyard 501,5 milyon manata, kommunal xidmətlər sektoruna yatırımlar isə 829,3 milyon manatdan 1 milyard 605,1 milyon manata yüksəlib.
Materiallar sektorunda səhm investisiyalarının dəyəri 1 milyard 98,1 milyon manatdan 1 milyard 494 milyon manata, enerji sektorunda isə 847,7 milyon manatdan 934,8 milyon manata çatıb.
Bu göstəricilər səkkiz sektorun hamısında səhm investisiyalarının dəyərinin artdığını göstərir. Xüsusilə maliyyə, sənaye və kommunal xidmətlər sektorlarında qeydə alınan artımlar diqqət çəkir.
NVIDIA, "Apple" və "Microsoft" ilk sıralardadır
Hesabatda 2025-ci il dekabrın 31-nə Neft Fondunun ən iri səhm investisiyaları da açıqlanıb. Siyahının ilk pilləsində ABŞ-nin "NVIDIA Corporation" şirkəti qərarlaşıb.
Fondun NVIDIA səhmlərinə yatırdığı vəsaitlərin dəyəri 1 milyard 334,9 milyon manat təşkil edib. Bu, səhm portfelinin 4,8 faizinə bərabərdir.
İkinci yerdə "Apple Inc." qərarlaşıb. Şirkətin səhmlərinin dəyəri 1 milyard 188,6 milyon manat, portfeldəki payı isə 4,3 faiz olub.
"Microsoft Corporation" üçün müvafiq göstəricilər 1 milyard 6,1 milyon manat və 3,6 faiz təşkil edib. "Alphabet Inc." şirkətinin səhmlərinin dəyəri 988,3 milyon manat, portfeldəki payı isə 3,5 faiz olub.
İlk beşliyi "Amazon.com Inc." tamamlayıb. Bu şirkətin səhmlərinə yatırılan vəsaitlərin dəyəri 652,2 milyon manat, portfeldəki payı isə 2,3 faiz təşkil edib.
İlk onluğa, həmçinin "Broadcom", "Meta Platforms", "Tesla", "JPMorgan Chase" və ASML Holding şirkətləri daxil olub.
Belə ki, "Broadcom" səhmlərinin dəyəri 456,7 milyon manat, "Meta Platforms"un 422,1 milyon manat, "Tesla"nın 374,4 milyon manat, "JPMorgan Chase"in 261,3 milyon manat, "ASML Holding"in isə 257,9 milyon manat təşkil edib.
Siyahıdan görünür ki, Neft Fondunun ən iri səhm yatırımlarında texnologiya şirkətləri üstünlük təşkil edir. İlk onluqdakı şirkətlərin əksəriyyətinin informasiya texnologiyaları sektorunda fəaliyyət göstərməsi bu istiqamətin Fondun səhm portfelindəki əhəmiyyətini nümayiş etdirir.
Daşınmaz əmlak və özəl səhm fondlarına yatırımlar da artıb
Fondun investisiya portfelində daşınmaz əmlak, özəl səhm və infrastruktur fondları da yer alıb.
2025-ci ilin sonunda daşınmaz əmlak fondlarına yatırılan vəsaitlərin dəyəri 4 milyard 894,1 milyon manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 4 milyard 564,8 milyon manat olub. Beləliklə, artım 329,3 milyon manat və ya 7,2 faiz təşkil edib.
Özəl səhm fondlarına investisiyaların dəyəri isə 3 milyard 457,1 milyon manatdan 4 milyard 18,7 milyon manata yüksəlib. Bu istiqamətdə artım 561,6 milyon manat və ya 16,2 faiz olub.
İnfrastruktur fondlarına yatırılan vəsaitlərin dəyəri də əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin sonunda 347,4 milyon manat olan göstərici 2025-ci ilin sonunda 704,6 milyon manata çatıb. Beləliklə, investisiyaların dəyəri təxminən iki dəfə yüksəlib.
Ümumilikdə, hesabatda təqdim olunan məlumatlar Neft Fondunun investisiya portfelində 2025-ci il ərzində fərqli istiqamətlər üzrə dəyişikliklərin baş verdiyini göstərir. İstiqrazların dəyəri azalsa da, səhmlərə, daşınmaz əmlak fondlarına, özəl səhm fondlarına və infrastruktur fondlarına yatırılan vəsaitlərin dəyəri artıb.



