Dünya · Trend.az

Mirziyoyev MDB-nin vahid nəqliyyat sisteminin yaradılmasını təklif edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirziyoyev MDB-nin vahid nəqliyyat sisteminin yaradılmasını təklif edib xəbəri üçün şəkil

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tranzit xərclərini azaltmaq və regional yükdaşımaları yaxşılaşdırmaq məqsədilə Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində inteqrasiya olunmuş logistika mərkəzlərinin və vahid nəqliyyat informasiya sisteminin yaradılmasını təklif edib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Mirziyoyev Türkmənistanda, “Avaza” milli turizm zonasında keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən qlobal iqtisadi dəyişikliklər və gərginliyin artdığı şəraitdə ölkələr arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

“Bu gün dünya sürətlə dəyişir. Gərginlik artır, formalaşmış iqtisadi əlaqələr yenidən qurulur. Belə şəraitdə etimadın möhkəmləndirilməsi, mövqelərin daha tez-tez uzlaşdırılması və əldə olunmuş razılaşmaların praktiki icrasının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Özbəkistan Prezidenti iqtisadi inteqrasiya və sənaye kooperasiyasını regional sabitliyin və inkişafın əsas amilləri adlandırıb. O, MDB ölkələrini ənənəvi ticarət çərçivəsindən kənara çıxmağa və yüksək əlavə dəyər yaradan istehsal zəncirlərinin birgə formalaşdırılmasına keçməyə çağırıb.

Mirziyoyev texniki maneələrin aradan qaldırılması, uyğunluq sertifikatlarının qarşılıqlı tanınması və dövlət satınalmaları bazarlarına çıxış imkanlarının genişləndirilməsi hesabına MDB-nin azad ticarət zonasının fəaliyyətinin səmərəliliyinin artırılmasını təklif edib.

Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini də vurğulayıb. O, kənd təsərrüfatı məhsullarının dövlət satınalmalarına qarşılıqlı çıxışın genişləndirilməsi haqqında sazişin qəbulunun sürətləndirilməsinə və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq proqramının təsdiqlənməsinə çağırıb.

Prezident sənaye kooperasiyasının genişləndirilməsinə və qarşılıqlı investisiyaların artırılmasına da çağırıb. Ş.Mirziyoyev MDB ölkələrində xüsusi iqtisadi zonalara dəstək üzrə yol xəritəsinin hazırlanmasının başa çatdırılmasının vacibliyini vurğulayıb.

Nəqliyyat əlaqələrinin inkişafı sahəsində dövlət başçısı inteqrasiya olunmuş logistika mərkəzlərinin yaradılmasını, tranzit xərclərinin azaldılmasını, yükdaşımalar qaydalarının uzlaşdırılmasını və MDB-nin vahid nəqliyyat informasiya sisteminin formalaşdırılmasını təklif edib. Ş.Mirziyoyev Türkmənistanın 2029-cu ilin MDB-də Nəqliyyat bağlantıları İli elan edilməsi təşəbbüsünü də dəstəkləyib.

Sonda dövlət başçsı gələn il MDB-yə sədrlik etməyə və digər üzv dövlətlərlə sıx əməkdaşlıq qurmağa Özbəkistanın hazır olduğunu bildirib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanın Xəzər sahilində, Türkmənbaşı şəhəri yaxınlığında yerləşən “Avaza” milli turizm zonasında Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilir. Tədbir MDB-nin yaradılmasının 35-ci ildönümünə həsr olunub və Türkmənistanın 2026-cı ildə təşkilata sədrliyi çərçivəsində əsas tədbirlərdən biridir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑