İsrailin Baş naziri Benyamin Netanyahunun HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə bağlı telefon danışığı qeydlərinin dəyişdirilməsinə cəhd edilib və girovların azad olunması üçün razılaşmalar qəsdən rədd edilib.
Publika.az xəbər verir ki, bu barədə Netanyahunun keçmiş hərbi katibi Avi Gil iddia yayıb.
Onun sözlərinə görə, Baş nazirin Aparat rəhbəri Tzaçi Bravermanın göstərişi ilə Netanyahunun oktyabrın 7-də ilk telefon danışığının vaxtı dəyişdirilməyə çalışılıb. İddialara əsasən, danışığın vaxtını hücumun başladığı saat 06:29-a uyğunlaşdırmaq istəyiblər. Gil məsələ ilə bağlı baş prokurora məlumat verib.
Gil həmçinin Netanyahunun təhlükəsizlik rəhbərlərinin əvvəlcədən etdiyi xəbərdarlıqları nəzərə almadığını və hücumun ilk iki saatında yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə danışmadığını bildirib. Onun iddiasına görə, Baş nazir girovların azad edilməsinə imkan yarada biləcək razılaşmaları koalisiya hökumətini qorumaq naminə rədd edib.
Baş nazirin Aparatı iddiaları təkzib edib. Rəsmi qurum qeydlərin dəyişdirilməsi və girovların qurban verilməsi barədə deyilənləri rədd edərək, oktyabrın 7-dəki kəşfiyyat uğursuzluğuna görə əsas məsuliyyətin ordu və təhlükəsizlik rəhbərlərinin üzərinə düşdüyünü bildirib.
Müxalifət lideri Gadi Eisenkot Netanyahu barəsində dərhal cinayət istintaqının başlanılmasına və dövlət komissiyasının yaradılmasına çağırıb.
Müəllif: Roza





