Dünya · Trend.az

Mirziyoyev MDB-də enerji təhlükəsizliyinin və kibermüdafiənin gücləndirilməsini təklif edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirziyoyev MDB-də enerji təhlükəsizliyinin və kibermüdafiənin gücləndirilməsini təklif edib xəbəri üçün şəkil

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistanda keçirilən sammitdə transsərhəd kibercinayətkarlıqla mübarizə üçün MDB-nin birgə əlaqə mərkəzinin yaradılmasını, həmçinin resurslara qənaət və dövri iqtisadiyyat sahəsində regional konsepsiyanın hazırlanmasını təklif edib.

Bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidmətinin məlumatında deyilir.

Mirziyoyev “Avaza” milli turizm zonasında keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı kibercinayətkarlıq risklərinin artmasına, enerji təhlükəsizliyi problemlərinə, eləcə də iqlim və ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

“İnformasiya texnologiyalarından istifadə etməklə törədilən dələduzluq artıq vətəndaşlara və biznesə ciddi ziyan vurur, ölkələrimizin maliyyə sistemlərinin sabit fəaliyyətinə risklər yaradır”, – deyə o bildirib.

Mirziyoyev MDB Daxili İşlər Nazirləri Şurasına transsərhəd kibercinayətlərə və dələduzluq sxemlərinə operativ reaksiya verə biləcək birgə əlaqələndirmə mərkəzinin yaradılması üzrə tədbirlər kompleksinin hazırlanmasını tapşırmağı təklif edib.

Enerji təhlükəsizliyindən danışan Özbəkistan Prezidenti MDB ölkələrinin enerji resurslarının mövsümi profisitini və çatışmazlığını əvvəlcədən müəyyənləşdirməyə, infrastruktur ehtiyaclarını qiymətləndirməyə, su elektrik enerjisi, istilik elektrik enerjisi istehsalı və bərpaolunan enerji mənbələri arasında koordinasiyanı yaxşılaşdırmağa imkan verəcək uzunmüddətli proqnozun hazırlanmasına çağırıb.

Bundan əlavə, o, iqlim dəyişikliyi ilə mübarizədə razılaşdırılmış tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq aşağı karbonlu texnologiyaların sürətlə tətbiqinə və qapalı istehsal dövrlərinin inkişafına tərəfdar çıxıb.

Bu təşəbbüslərin həyata keçirilməsi məqsədilə Mirziyoyev MDB-nin resurslara qənaət və dövri iqtisadiyyat sahəsində əməkdaşlıq konsepsiyasının hazırlanmasını təklif edib.

Prezident üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından mədəni-humanitar əməkdaşlığın əhəmiyyətini də qeyd edib. O, mədəniyyət siyasəti və yaradıcı sənayelər üzrə forumun təşkilini təklif edərək yeni texnologiyaların təsiri ilə inkişaf edən bu sahələrin iqtisadi əhəmiyyətinin artdığını vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑