Bakı. Trend:
Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində keçirilən “KazChess Masters” beynəlxalq turnirində uğursuz çıxış edir.
Yarışın ən yüksək reytinqli iştirakçısı olan qrossmeyster son tur ərəfəsində 10 şahmatçı arasında səkkizinci yerdə qərarlaşıb.
2662 reytinq xalına malik Muradlı səkkiz turdan sonra 3,5 xal toplayıb. O, iki qələbə qazanıb, üç görüşü heç-heçə ilə başa vurub və üç dəfə məğlub olub.
Səkkiz turun nəticəsinə əsasən, belaruslu Denis Lazavik 6 xalla turnir cədvəlinə başçılıq edir. Rusiyalı Daniil Dubov və özbəkistanlı Şəmsəddin Vahidov isə 5,5 xalla ikinci-üçüncü yerləri bölüşdürürlər. Muradlı liderdən 2,5 xal geri qalır.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən turnir noyabrın 3-də başa çatacaq. Son turda Muradlı Daniil Dubovla qarşılaşacaq.




