“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda qarşılaşacaqları “Aston Villa”nın çalışdırıcısı Unai Emeri haqqında danışıb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında ispaniyalı həmkarını dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdiyini bildirib.
“O, Avropanın, bəlkə də dünyanın ən yaxşı məşqçilərindən biridir. Böyük uğurlar qazanıb. Komandası həm müdafiədə, həm də hücumda aydın oyun sisteminə malikdir. Hər şey çox yaxşı qurulub. Belə bir komandanın oyununu izləmək, futbolçuların topla necə inamlı davrandığını görmək heyrətamizdir. Cekson inanılmaz səviyyədə çıxış edir. Bizi yaxşı məşqçinin rəhbərlik etdiyi güclü komandaya qarşı çətin oyun gözləyir”, - deyə Flik vurğulayıb.
Qeyd edək ki, “Barselona” və “Aston Villa” arasında qarşılaşma noyabrın 3-də “Spotify Kamp Nou” stadionunda keçiriləcək.



