Bakı.Trend:
Türkiyənin İzmir şəhərində bir katerinq şirkətinin (müxtəlif müəssisələr, ofislər və s. üçün peşəkar şəkildə qida hazırlanmasını, çatdırılmasını və süfrəyə verilməsini təmin edən şirkət –red ) xidmət göstərdiyi müxtəlif müəssisələrdə çalışan 80 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib
Bu barədə NTV məlumat yayıb.
İzmirin Kamalpaşa rayonunda fəaliyyət göstərən iaşə şirkətinin müxtəlif müəssisələrə payladığı yeməkləri yeyən işçilərdə bir müddət sonra ürəkbulanma və qusma əlamətləri yaranıb.
Eyni şirkətdən yemək xidməti alan müxtəlif müəssisələrdə oxşar şikayətlərin ortaya çıxması nəticəsində çox sayda işçi xəstəxanalara müraciət edib. Qida zəhərlənməsi şübhəsi ilə tibb müəssisələrinə müraciət edən işçilərin sayının 80 olduğu bildirilir.
Kamalpaşa Dövlət Xəstəxanasında və ətrafdakı digər xəstəxanalarda müalicə altına alınan işçilərin səhhətinin yaxşı olduğu, onların heç birinin həyatı üçün təhlükənin olmadığı öyrənilib.
Hadisədən sonra yeməklərin hazırlandığı müəssisədən qida nümunələri götürülərək araşdırılması üçün laboratoriyaya göndərilib. Götürülmüş nümunələr üzərində aparılacaq analizlər nəticəsində işçilərin səhhətində yaranan problemlərin yedikləri qidalardan qaynaqlanıb-qaynaqlanmadığının müəyyənləşdirilməsi gözlənilir.

