Bakı. Trend:
MLS çərçivəsində “İnter Mayami”nin “Di-Si Yunayted”i qəbul etdiyi oyun başa çatıb. Fort-Loderdeyldəki “DRV PNK Stadium” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində uruqvaylı hücumçu Luis Suares (3-cü və 39-cu dəqiqələr) və argentinalı forvard Lionel Messi (47-ci və 60-cı dəqiqələr) dubl ediblər. Beləliklə, “İnter Mayami” MLS-də qələbəsiz keçirdiyi beş oyunluq seriyaya son qoyub.
Bundan əvvəl komanda dörd heç-heçə edib və bir məğlubiyyətlə üzləşib. “Di-Si Yunayted” isə son üç oyunda ikinci dəfə məğlub olub.
MLS-in növbəti turunda “İnter Mayami” “Nyu-York Siti” ilə, “Di-Si Yunayted” isə “Nyu-York Red Bullz” ilə qarşılaşacaq.





