İqtisadiyyat · Trend.az

Bakı Bəyannaməsi turizmdə iqlim fəaliyyəti üçün ümumi çərçivə yaradıb - Fuad Nağıyev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı Bəyannaməsi turizmdə iqlim fəaliyyəti üçün ümumi çərçivə yaradıb - Fuad Nağıyev xəbəri üçün şəkil

Bakı. Trend:

Turizmdə iqlim fəaliyyətinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədləri ətrafında dövlətləri və qeyri-dövlət aktorlarını birləşdirib.

Trend-in müxbiri xəbər verir ki, bunu çərşənbə axşamı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ortaq gələcək üçün turizm: inklüzivlik, bərabərlik və icmaların liderliyi sülhün qurulmasına necə təmkinlə töhfə verir” mövzusunda keçirilən müzakirədə deyib.

O bildirib ki, bəyannamə turizm sektorunda iqlim fəaliyyətinin davam etdirilməsi üçün ümumi çərçivə yaradıb.

Fuad Nağıyev xatırladıb ki, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində Dövlət Turizm Agentliyi, BMT Turizm və COP29 sədrliyi tərəfindən birgə Turizm Günü təşkil edilib. Bu, BMT-nin iqlim konfransında ilk belə tədbir olub və turizmin iqlim dəyişikliyi ilə mübarizədəki roluna diqqətin artırılmasına imkan yaradıb.

Agentlik sədri qeyd edib ki, 2013-cü ildən etibarən turizm Bakı Prosesi çərçivəsində forumun müzakirələrinin mühüm hissəsini təşkil edir. Bu müzakirələr turizmin mədəniyyətlərarası anlaşmanı təşviq etmək, mədəni irsi qorumaq və əməkdaşlıq üçün yeni imkanlar yaratmaq potensialını araşdırmaq məqsədilə dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri bir araya gətirir.

Onun sözlərinə görə, turizm sessiyalarında qarşılıqlı anlaşma və tolerantlığın təşviqi, sosial inklüzivlik, yerli icmaların dəstəklənməsi və daha dayanıqlı gələcəyin qurulması kimi məsələlər müzakirə olunub. BMT Turizmlə birgə turizmin münaqişədən sonrakı dövrdə icmaların bərpasına, qarşılıqlı hörmətin, birliyin və sülhün təşviqinə töhfəsini göstərən qabaqcıl təcrübələr də araşdırılıb.

Fuad Nağıyev bildirib ki, turizm xalqların bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. İnsanlar turizm vasitəsilə bir-birini tanıyır, fərqli mədəniyyətlər və ənənələr haqqında məlumat əldə edirlər.

“Yeni məkanları kəşf etməklə insanlar dünyagörüşlərini genişləndirir və daha tolerant olurlar. Turizm insanlar arasında körpülər qurur, onlara fərqliliklərinə baxmayaraq, bir-birini anlamağa və bir-birinə hörmət etməyə kömək edir”, - deyə o vurğulayıb.

Agentlik sədri diqqətə çatdırıb ki, heç də hər kəsin turizmdə iştirak etmək üçün eyni imkanları yoxdur. Əlilliyi olan şəxslər səyahət zamanı çətinliklərlə üzləşə, qadınların və yerli icmaların isə sektordan faydalanmaq imkanları daha məhdud ola bilər.

“Buna görə də səyahətləri daha əlçatan etmək, turizmdə qadınları dəstəkləmək və turizm məkanlarının inkişafında yerli icmalara daha çox söz haqqı vermək vacibdir. Turizmi daha inklüziv etməklə onun faydalarının daha çox insana çatmasını təmin edə, daha güclü, ədalətli və dinc cəmiyyətlərin qurulmasına kömək edə bilərik”, - deyə Fuad Nağıyev əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑