Bakı.Trend:
Azərbaycanın Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya qoşulmasından sonra ölkənin şirkətləri Bakıdan 41 ölkəni birləşdirən ümumi tranzit zonasının istənilən nöqtəsinə yük daşıyarkən vahid bəyannamədən, vahid təminatdan və vahid tranzit prosedurundan istifadə edə biləcəklər.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə günü Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda ticarət və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzrə baş beynəlxalq ekspert Marius Bordalba bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə Azərbaycanın Dövlət Gömrük Komitəsinə ölkənin Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya qoşulması istiqamətində dəstək göstərir.
“Konvensiyaya qoşulmaq sərhədkeçmə prosesini sürətləndirməyə, tam elektron rəsmiləşdirməyə keçməyə, təminat xərclərini azaltmağa, eləcə də ümumi tranzit zonasına daxil olan bütün ölkələrdə vahid qaydaların, tələblərin və müddətlərin tətbiqinə imkan verəcək. Bundan əlavə, Konvensiya məsuliyyət, sorğular və iddialarla bağlı hüquqi müəyyənliyi təmin edir.
Oktyabrın əvvəlindən bu iş çərçivəsində Dövlət Gömrük Komitəsinin iştirakı ilə üç tədbir keçirilib”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, ilk dəyirmi masada Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA), “Azərbaycan Dəmir Yolları” QSC-nin və Bakı Limanının nümayəndələri iştirak ediblər. İştirakçılar tranzit daşımaları sahəsində mövcud təcrübəni, qarşıya çıxan problemləri, Konvensiyaya qoşulmaqdan gözləntiləri və şirkətlərin yeni sistemdə iştirak etməyə hazırlığını müzakirə ediblər.
“İkinci tədbir Konvensiya çərçivəsində tranzit təminatlarına həsr olunub. Tədbirdə təminat verən təşkilatlar, banklar, sığorta şirkətləri, ABADA və Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak ediblər.
Üçüncü dəyirmi masa ötən həftə Azərbaycan iqtisadi operatorlarının, o cümlədən “yaşıl dəhliz” sistemi çərçivəsində fəaliyyət göstərən şirkətlərin və gömrük təmsilçilərinin iştirakı ilə keçirilib. Görüş zamanı əməliyyat hazırlığının qiymətləndirilməsi üçün məlumatlar da toplanıb”, - deyə o bildirib.
Qeyd edək ki, hazırda Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə və biznes forumunun keçirilməsinin 10 illiyinə həsr olunan Aİ-Azərbaycan biznes forumu keçirilir. Bu il tədbir “Dəhlizləri birləşdirərək: əlaqəlilik və infrastruktur” şüarı altında təşkil olunur. Forumda əsas diqqət nəqliyyat əlaqələrinin və infrastrukturun inkişafına, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, eləcə də regional ticarət və investisiyaların genişləndirilməsinə yönəldilir.
Forumun proqramına dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və işgüzar görüşlər daxildir.



