Bakı. Trend:
Şimali Koreyada ən müasir hava hücumundan müdafiə (HHM) kompleksinin sınaqları baş tutub.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sınaq atışına Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvü, ordu generalı Kim Çon rəhbərlik edib.
Sınaqlar çərçivəsində raketdə istifadə olunan yeni materialların texniki göstəriciləri və etibarlılığı, intellektual çoxkomponentli tuşlama sisteminin imkanları, hədəflərin aşkarlanması və tanınması, həmçinin məlumatların emalı blokunun fəaliyyəti yoxlanılıb.
Bununla yanaşı, həmin gün uzaqmənzilli strateji qanadlı raket bölmələrinin iştirakı ilə atəş gücünün nümayiş etdirildiyi hərbi təlimlər keçirilib. Təlim zamanı raket bölmələri şərti hədəfin yerləşdiyi aerodroma dəqiq zərbə endirib.
Bildirilib ki, sınaq və təlimlər döyüş sistemlərinin texniki imkanlarının təkmilləşdirilməsi və etibarlılığının artırılmasına yönəlmiş müdafiə tədbirlərinin davamı xarakteri daşıyır.



