Dünya · Teleqraf

Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

Yaponiyanın Okinava prefekturasının qanunverici məclisi ABŞ dəniz piyadasının şübhəli bilindiyi qətl hadisəsini yekdilliklə pisləyən qətnamə qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi yerli qanunverici orqanın iclasına istinadən məlumat yayıb.

Qətnamədə Yaponiya hakimiyyətindən və ABŞ tərəfdən oxşar hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər görülməsi tələb olunub.

Bundan əvvəl Okinavanın inzibati mərkəzi olan Naha şəhərinin qanunverici məclisi də analoji qətnamə qəbul edib.

Məlumata görə, oktyabrın 4-də Nahada 39 yaşlı qadının qətlində və qarət edilməsində şübhəli bilinən 20 yaşlı ABŞ dəniz piyadası saxlanılıb. Qadının meyiti yerli otellərdən birində aşkarlanıb. Şübhəli təhlükəsizlik kameralarının görüntüləri əsasında müəyyən edilib.

İstintaqın versiyasına görə, hərbçi qadını boğaraq öldürüb, daha sonra onun pulqabısını və şəxsi əşyalarını götürüb. Saxlanılan şəxs ittihamları rədd edir.

Hadisədən sonra Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ABŞ-nin Tokiodakı səfiri Corc Qlassı çağıraraq rəsmi etirazını bildirib.

Müdafiə naziri Şinciro Koizumi isə ABŞ qüvvələrinin Yaponiyadakı komandanı Stiven Costdan hərbi intizamın gücləndirilməsi üçün sərt tədbirlər görülməsini tələb edib.

Baş nazir Sanae Takaiçi də hadisəni kəskin pisləyib.

ABŞ hərbi komandanlığı insidentdən sonra hərbçilər üçün bir aylıq komendant saatı tətbiq edib, hərbi obyektlərdən kənarda hərəkətə əlavə məhdudiyyətlər qoyub və spirtli içki qəbulunu qadağan edib.

Qeyd edək ki, ABŞ-nin Yaponiyadakı hərbi obyektlərinin ümumi ərazisinin 70 faizindən çoxu Okinavada yerləşir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑