BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkəsinin tərkibinə daxil edilərək 51-ci ştata çevrilməsini təklif edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçki mitinqində çıxışı zamanı danışıb.
“Venesuelaya təşəkkür etmək istəyirəm. Münasibətlərimiz çox yaxşı, hətta möhtəşəm səviyyəyə çatıb. Venesuela çiçəklənən ölkəyə çevriləcək. Kim bilir, bəlkə də tezliklə ABŞ-nin çiçəklənən 51-ci ştatı olacaq. Bu, mümkündür. Gəlin, onu 51-ci ştata çevirək”, – Tramp bildirib.
ABŞ lideri Venesuelada prezident seçkiləri əvəzinə qubernator seçkilərinin keçirilməsi ideyasını da irəli sürüb.
“Orada prezident deyil, qubernator seçkiləri keçirək. Bu ideya xoşunuza gəlirmi? Mənim xoşuma gəlir”, – o, tərəfdarlarına müraciətlə deyib.
Tramp ABŞ ilə Venesuela arasında əldə olunmuş genişmiqyaslı neft sazişinə də toxunub.
Onun sözlərinə görə, razılaşma nəticəsində ABŞ-nin nəzarətində olan neft ehtiyatları əhəmiyyətli dərəcədə artıb və Venesuela nefti Texasda emal ediləcək.
Xatırladaq ki, avqustun 28-də Vaşinqton və Karakas arasında Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çox hissəsinin ABŞ-nin nəzarətinə keçməsini nəzərdə tutan saziş elan olunub.
Ağ Evin məlumatına əsasən, razılaşma çərçivəsində Venesuelanın özəl neft şirkəti NABEP-ə 17 yatağın istismarı üçün 100 illik konsessiya hüququ verilib. Saziş ABŞ-yə şirkətin idarəçiliyinə və neft hasilatının müəyyən hissəsinə nəzarət imkanları da yaradır.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib, ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi saxlayaraq ABŞ-yə aparıb. Onlar narkotik ticarəti ilə əlaqədar ittihamları qəbul etməyiblər.
Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini keçmiş vitse-prezident Delsi Rodriqes icra edir.






