BAKI, 31 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela neftindən əldə olunan gəlirin İrana qarşı müharibəyə çəkilən xərclərdən 10 dəfə çox olduğunu iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Florida ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Amerika lideri İrana qarşı hərbi əməliyyatların maliyyə yükünü tənqid edən demokratlara, xüsusilə Konqresin Nümayəndələr Palatasının üzvü Ro Xannaya cavab verib.
“O deyir ki, mən bu müharibəyə 25 milyard dollar xərcləmişəm. Amma demir ki, Venesuelada bundan təxminən 10 dəfə çox pul qazanmışıq. Gəlir və xərclərin balansına baxmaq lazımdır”, – Tramp bildirib.
Bununla belə, Prezident Venesuela neftindən əldə edildiyini iddia etdiyi gəlirin hesablanmasına dair ətraflı məlumat təqdim etməyib.
“The Hill” nəşri daha əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Konqresə təqdim etdiyi hesablamalara istinadən İrana qarşı hərbi əməliyyatlara çəkilən xərclərin 47 milyard dollara çatdığını yazıb.
Xatırladaq ki, Tramp avqustun 28-də Vaşinqton və Karakas arasında Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çox hissəsini ABŞ-ın nəzarətinə verən razılaşmanın əldə olunduğunu açıqlayıb.
Daha sonra Ağ Ev bildirib ki, razılaşma çərçivəsində Venesuelanın özəl NABEP neft şirkətinə ümumilikdə təxminən 65 milyard barel təsdiqlənmiş ehtiyata malik 17 neft yatağı üzrə 100 illik konsessiya hüquqları veriləcək.





