BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuelada keçiriləcək prezident seçkilərində Delsi Rodriqes və Mariya Korina Maçadonun bir-birinə rəqib olmasını maraqlı hesab edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə oktyabrın 19-da Ağ Evin cənub həyətində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ Prezidentindən Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodriqeslə müxalifət nümayəndəsi, keçmiş deputat Mariya Korina Maçadonun prezident seçkilərində rəqabət aparması ehtimalına münasibəti soruşulub.
“Bu, maraqlı olardı”, – Tramp cavab verib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın mülki və hərbi obyektlərinə zərbələr endirib, ölkə Prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi saxlayaraq ABŞ-yə aparıb.
Yanvarın 5-də onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsi qarşısına çıxarılıblar. Maduro və həyat yoldaşı narkotik ticarəti ilə əlaqədə ittiham olunsalar da, özlərini təqsirli bilməyiblər.
Bundan sonra Venesuelada dövlət başçısının səlahiyyətlərini əvvəllər vitse-prezident vəzifəsini tutmuş Delsi Rodriqes icra etməyə başlayıb.
“The Wall Street Journal” qəzeti isə sentyabr ayında ABŞ administrasiyasının Mariya Korina Maçadonun Venesuelaya qayıtmasına mane olduğunu iddia edib.
Nəşrin məlumatına görə, Vaşinqton Maçadonun ölkəyə qayıdışının Venesuelada vəziyyəti yenidən gərginləşdirə biləcəyindən ehtiyat edir.





