BAKI, 8 oktyabr. TELEQRAF
Ermənistan və Qırğızıstan hökumətləri arasında vətəndaşların səfərləri və ölkədə qalma qaydaları haqqında sazişin imzalanması təklifinə razılıq verilib.
Teleqraf xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.
Sənədə əsasən, tərəf dövlətlərin vətəndaşları ölkədə 30 gün qaldıqdan sonra daxili işlər orqanlarında qeydiyyatdan keçməlidirlər. Hər iki ölkənin vətəndaşları bərabər əsaslarla qarşı tərəfin ərazisinə 90 günədək müddətə daxil olmaq, ərazidən çıxmaq, tranzit keçmək və orada qalmaq hüququna malik olacaqlar. Amma qeydiyyat olmadan qalma müddəti 90 günü keçməməlidir.
Saziş xaricə səfər etmək üçün zəruri olan səyahət sənədlərinin siyahısını da müəyyən edir. Ermənistan vətəndaşları üçün bunlara pasport, şəxsiyyət vəsiqəsi, diplomatik pasport və digər sənədlər daxildir.
Bundan əlavə, hökumət Ermənistan və Qırğızıstan hökumətləri arasında readmissiya haqqında sazişin icrası qaydasına dair protokolun imzalanması təklifinə də razılıq verib. Protokolun məqsədi iki ölkə arasında miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.






