BAKI, 21 oktyabr. TELEQRAF
Amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukraynanın hərbi təyinatlı “Starshield” peyk rabitə sistemindən istifadəsinə məhdudiyyət qoyulması barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə və məsələdən məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Maskın qərarı Ukrayna rəhbərliyində ciddi narahatlığa, ABŞ administrasiyasında isə çaşqınlığa səbəb olub.
Bildirilir ki, tətbiq edilən məhdudiyyətlər Ukrayna ordusunun zərbə və hava hücumundan müdafiə əməliyyatlarında istifadə etdiyi pilotsuz uçuş aparatlarının fəaliyyətinə mənfi təsir göstərib.
Mənbələr Mask və ABŞ Prezidenti Donald Trampın məhdudiyyətlər qüvvəyə mindikdən sonra məsələni telefon danışığında müzakirə etdiklərini bildiriblər.
Bununla yanaşı, Tramp daha əvvəl Ukraynada “Starlink” xidmətinin məhdudlaşdırılmasına kimin göstəriş verdiyini bilmədiyini və məsələnin araşdırılmasını istədiyini açıqlayıb.
ABŞ-ın müdafiə naziri Pit Heqset isə Vaşinqtonun Ukraynanın peyk rabitəsinə çıxışını məhdudlaşdırmaq barədə heç bir göstəriş vermədiyini bildirib. O, xidmət şərtləri ilə bağlı qərarların “Starlink” tərəfindən qəbul edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Starshield” “SpaceX” şirkətinin dövlət qurumları və hərbi məqsədlər üçün hazırladığı peyk rabitə sistemidir.





