BAKI, 2 noyabr. TELEQRAF
İsrail Prezidenti İshaq Hersoq noyabrın 4-dən etibarən yeni hökumətin formalaşdırılması ilə bağlı parlamentə seçilən siyasi partiyaların liderləri ilə məsləhətləşmələrə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, noyabrın 1-də Prezident Administrasiyasının baş direktoru Eyal Şviki oktyabrın 27-də keçirilən parlament seçkilərində mandat qazanan bütün partiyaların rəhbərlərinə rəsmi dəvət göndərib.
Şviki prezidentin bütün siyasi qüvvələrlə dialoqa hazır olduğunu vurğulayıb və partiyaları növbədənkənar seçkilərin qarşısını almaq üçün konstruktiv əməkdaşlığa çağırıb.
Məsləhətləşmələrin nəticəsinə əsasən, Hersoq partiya liderlərindən birinə yeni hökuməti formalaşdırmaq səlahiyyəti verəcək.
Qeyd edək ki, oktyabrın 27-də keçirilən parlament seçkilərində heç bir siyasi qüvvə hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər mandat qazana bilməyib.
Seçkilərin yekun nəticələrinə görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 120 yerlik Knessetdə 27 mandatla birinci olub. Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” partiyası isə 21 mandat əldə edib.
“Likud” və müttəfiqlərindən ibarət hakim blok ümumilikdə 53, müxalifət partiyaları 48, ərəb partiyaları isə 19 mandat qazanıblar.
Yeni hökumətin formalaşdırılması üçün parlamentdə ən azı 61 deputatın dəstəyi tələb olunur. Hazırda heç bir siyasi blok bu çoxluğa malik deyil.
Qanunvericiliyə əsasən, hökuməti qurmaq tapşırığı verilən siyasətçiyə ilkin olaraq 28 gün vaxt ayrılacaq. Bu müddət daha 14 gün uzadıla bilər.
Cəhd uğursuz olarsa, prezident hökuməti formalaşdırmaq səlahiyyətini başqa deputata verə bilər. Koalisiya danışıqları nəticəsiz qalacağı təqdirdə ölkədə təkrar parlament seçkiləri keçiriləcək.
Yeni hökumət and içənədək Benyamin Netanyahu baş nazir vəzifəsini icra etməyə davam edəcək.






