BAKI, 22 oktyabr. TELEQRAF
İsrail ordusu Suriyanın cənubunda yerləşən Dəraa vilayətinin Abdin yaşayış məntəqəsini tanklardan atəşə tutub.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın “Al-İxbariya” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail tankları sərhədboyu Yərmuk çayının sahilində yerləşən qonşu kəndləri də atəşə tutub. Mülki əhali arasında xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Bundan əvvəl İsrail ordusunun artilleriyası Əl-Qüneytra vilayətindəki Tell-Əhmər təpəsi yaxınlığında yerləşən kənd ərazilərinə zərbələr endirib. Atəşin İsrailin nəzarətində olan Qolan yüksəkliklərindən açıldığı bildirilir.
Oktyabrın 21-də Suriyanın cənubunda bir neçə İsrail helikopterinin Dəraa–Əs-Süveyda avtomobil yolu üzərində uzun müddət uçuş həyata keçirdiyi də müşahidə olunub. Lakin helikopterlərdən yerüstü hədəflərə zərbələr endirilməyib.
Telekanalın məlumatına əsasən, ilin əvvəlindən İsrail Suriya ərazisinə 102 dəfə hücum edib. Bunlardan 6-sı hava zərbəsi, 96-sı isə ölkənin cənub rayonlarının artilleriya atəşinə tutulması ilə bağlı olub.





