BAKI, 26 oktyabr. TELEQRAF
Yüksəksəviyyəli siyasi dialoq və əməkdaşlığın yeni mərhələsi
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri ölkənin xarici siyasətində tarixi bağlılığı, milli maraqları və çoxtərəfli diplomatiyanı birləşdirən mühüm istiqamətdir. Bu əməkdaşlıq siyasi dəstəkdən mədəni irsin qorunmasına, gənclər siyasətindən parlament diplomatiyasına qədər geniş sahələri əhatə edir. Azərbaycan təşkilatın imkanlarından istifadə etməklə yanaşı, onun fəaliyyətinə yeni təşəbbüslər, əməkdaşlıq mexanizmləri və beynəlxalq dialoq platformaları ilə töhfə verir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 26-da İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul etməsi münasibətlərin davamlılığını və qarşıdakı mərhələnin əhəmiyyətini göstərir: "Görüşdə Azərbaycanın təşkilatın fəal üzvü olması, ölkəmizdə siyasi, iqtisadi və idman tədbirlərinin keçirilməsi, habelə 2027-ci ildə İslam Zirvə Konfransına ev sahibliyinə hazırlıq məsələləri vurğulanıb. Bu gündəlik Azərbaycanın İslam dünyasında əməkdaşlığı təşviq edən mühüm mərkəzlərdən biri kimi mövqeyini möhkəmləndirir.
Görüşdə Baş katibin Ümummilli Lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etməsi, Azərbaycan–İƏT əlaqələrinin inkişafındakı xidmətlərini vurğulaması xüsusi yer tutur. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinin “tarixi hadisə” kimi qiymətləndirilməsi, Prezident İlham Əliyevin Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə səylərinə dəstək ifadə olunması da münasibətlərin siyasi məzmununu göstərir.
Bu yanaşma əməkdaşlığın yeni mərhələsini səciyyələndirir: əvvəllər işğalın aradan qaldırılması və Azərbaycana beynəlxalq hüququn prinsipləri əsasında siyasi dəstəyin göstərilməsi ön planda idisə, indi bərpa, quruculuq, sülh və regional əməkdaşlıq məsələlərinin çəkisi artır. Azərbaycanın İslam həmrəyliyi siyasəti də məhz bu keçiddə — siyasi dəstəyin praktiki əməkdaşlıqla tamamlanmasında öz ifadəsini tapır: belə ki, Azərbaycanın İslam həmrəyliyi siyasəti qarşılıqlı siyasi dəstək və konkret birgə layihələr üzərində qurulur. Bu siyasət bərpa-quruculuq, mədəni irsin qorunması, təhsil və iqtisadi əməkdaşlıq vasitəsilə müsəlman ölkələri arasında əlaqələri möhkəmləndirir".
Deputat qeyd edib ki, Azərbaycan 1991-ci il dekabrın 8-də Dakarda keçirilmiş V İslam Zirvə Konfransında təşkilata tamhüquqlu üzv qəbul olunub: "Bu seçim müstəqilliyin ilk illərində həm diplomatik, həm də mənəvi əhəmiyyət daşıyırdı. Azərbaycan beynəlxalq əlaqələrini qurur, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və üzləşdiyi təcavüz barədə həqiqətlərin yayılması üçün tərəfdaşlıq imkanlarını genişləndirirdi. İslam dünyası ilə tarixi-mədəni bağlılıq həmin əməkdaşlığın ictimai əsasını, suverenlik və ərazi bütövlüyü prinsipləri isə siyasi-hüquqi məzmununu formalaşdırırdı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə münasibətlər daha sistemli diplomatik mexanizm qazandı. 1994-cü ilin mayında Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirinə təşkilatın Baş Katibliyi yanında daimi nümayəndə səlahiyyətlərinin verilməsi əlaqələrin institusional inkişafında mühüm addım oldu. Bu, Baş Katiblik və təşkilatın müxtəlif qurumları ilə ardıcıl iş aparmağa imkan yaratdı.
Prezident İlham Əliyevin dövründə bu xətt daha geniş çoxtərəfli gündəliklə davam etdirildi. Azərbaycanın 2006-cı ildə İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü konfransına, 2010-cu ildə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısına ev sahibliyi etməsi siyasi və iqtisadi əməkdaşlığın paralel inkişafını göstərir.
Hazırda 57 dövləti birləşdirən təşkilatın coğrafi və siyasi müxtəlifliyi Azərbaycan üçün geniş əməkdaşlıq imkanları yaradır. Eyni zamanda, müxtəlif maraqlara malik üzvlər arasında ortaq mövqe formalaşdırmaq təşəbbüskarlıq və etimad tələb edir. Azərbaycanın rolu məhz belə bir mühitdə dialoq yaratmaq və həmrəylik prinsipini konkret fəaliyyətə çevirmək baxımından qiymətləndirilməlidir".
R.Nəbiyevə görə, Azərbaycan–İƏT münasibətlərinin ən mühüm istiqamətlərindən biri Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı təşkilatın prinsipial mövqeyidir: "Təxminən otuzillik işğal dövründə qəbul edilmiş qətnamə və bəyanatlar Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin müdafiəsinə xidmət edib.
Bu mövqenin ilkin mərhələləri konkret sənədlərdə əks olunub. 1992-ci ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində İƏT üzvlərinin xarici işlər nazirlərinin koordinasiya görüşünün yekun sənədinə münaqişə ilə bağlı müddəa daxil edilib. 1993-cü ilin aprelində Kəraçidə keçirilmiş XXI Xarici İşlər Nazirləri Konfransında isə müvafiq qətnamə qəbul olunub. Sonrakı illərdə bu siyasi xətt davam etdirilib.
Təşkilat daxilində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupunun yaradılması mövzunun diqqətdə saxlanmasına və diplomatik səylərin əlaqələndirilməsinə xidmət edirdi. Yalnız münaqişənin həllindən sonra həmin qrup ləğv edildi. Bu dəyişiklik əməkdaşlığın əvvəlki münaqişə gündəliyindən postmünaqişə prioritetlərinə keçidi baxımından əhəmiyyətlidir.
İƏT-in dəstəyi faktların yerində araşdırılması ilə də müşayiət olunub. Təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 22–26 sentyabr 2021-ci il tarixlərində həyata keçirdiyi missiya Ağdam, Tərtər və Gəncədə tədqiqat aparıb. 2–5 sentyabr 2023-cü il səfərində isə Ağdam, Füzuli və Gəncədə dini-mədəni abidələrin, qəbiristanlıqların və mülki obyektlərin dağıdılması, işğal və raket hücumlarından zərər çəkən insanların vəziyyəti araşdırılıb.
Bu missiyaların əhəmiyyəti siyasi dəstəyin sənədləşdirilmiş materiallarla tamamlanmasındadır. Yerində toplanmış məlumatlar humanitar nəticələrin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və gələcək bərpa ehtiyaclarının izahı üçün mühüm əsas yaradır.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi münasibətlərin məzmununu dərinləşdirib. İndi azad edilmiş ərazilərin yenidən qurulması, insanların təhlükəsiz qayıdışı və davamlı sülh üçün əməkdaşlıq imkanları ön plana çıxır. İƏT-in bərpa-quruculuq işlərinə müsbət münasibəti və Azərbaycanın sülh səylərinə dəstəyi bu yeni mərhələnin siyasi dayaqlarındandır".
Deputat qeyd edib ki, Azərbaycan İslam həmrəyliyini müxtəlif dövlət və cəmiyyətlər arasında əməkdaşlığın gücləndirilməsi kimi təqdim edir: "Bu yanaşma milli-mənəvi bağlılığı qorumaqla yanaşı, İslam dünyasının beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsini də nəzərdə tutur.
Bu baxımdan 28 oktyabr 2013-cü ildə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ölkəmizin təşəbbüsü ilə keçirilmiş BMT–İƏT əməkdaşlığına həsr olunan yüksək səviyyəli iclas mühüm hadisədir. Təhlükəsizlik Şurasında bu tərəfdaşlığa xüsusi diqqət ayrılması İslam dünyasının problemlərinin və imkanlarının qlobal təhlükəsizlik müzakirələri ilə əlaqələndirilməsinə xidmət edib. BMT Baş katibinin həmin iclasdakı çıxışında da mürəkkəb təhlükəsizlik problemlərinin birgə strategiyalar tələb etdiyi vurğulanıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və həmin ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu siyasətin ictimai və humanitar miqyasını genişləndirdi. İdman vasitəsilə ölkələr və gənclər arasında birbaşa ünsiyyət yaradılması həmrəyliyin yalnız rəsmi diplomatik münasibətlərdən ibarət olmadığını göstərdi.
Azərbaycan Prezidentinin təşəbbüsü olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun İƏT tərəfindən dəstəklənməsi də eyni məntiqə əsaslanır. İslam həmrəyliyi ilə sivilizasiyalararası dialoq bir-birini tamamlayır: öz mədəni kimliyinə hörmət edən cəmiyyətin digər mədəniyyətlərlə qarşılıqlı anlaşma qurması üçün daha möhkəm mənəvi əsas yaranır".
Sonda millət vəkiki əlavə edib ki, 2023-cü ildən etibarən Azərbaycanda Prezidenti İlham Əliyevin himayəsi altında islamofobiya ilə mübarizəyə həsr edilmiş beynəlxalq konfransların təşkili bu istiqamətin davamıdır: "Burada əsas məsələ dini mənsubiyyətə görə ayrı-seçkiliyin, nifrət nitqinin və stereotiplərin beynəlxalq müzakirəyə çıxarılmasıdır. Belə fəaliyyətin davamlı təsiri onun maarifləndirmə, hüquqi müdafiə və müxtəlif dini icmalar arasında dialoqla tamamlanmasından asılıdır".



