BAKI, 24 oktyabr. TELEQRAF
“Mən hər zaman qalib gəlmək istəyirəm. Bu, mənim üçün çox ağrılıdır. Qələbə qazanmaq üçün imkanımız da var idi. “Qarabağ”a qarşı 3:1 hesabı ilə öndə idik, sonda 3:3 oldu. “Sabah”la görüşdə də qalib gələ bilərdik. Əsas odur ki, artıq bu rəqiblərlə oyunlarda uduzmuruq. Onlarla bərabər səviyyədə mübarizə aparırıq”.
Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının IX turunda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanı belə şərh edib:
“Xal qazandıq, yoxsa itirdik, bunu demək çətindir. İlk 20 dəqiqədə oyun istədiyimiz kimi getmədi. Demək olar ki, həmin müddətdə “Turan Tovuz” daha kəskin oynayırdı. Sonradan müdafiəçimizin səhvi ucbatından azlıqda qaldıq. Lakin bundan sonra daha yaxşı oynamağa başladıq. Bir qol da vurduq və fasiləyə üstünlüklə yollandıq.
Həmin vaxt da bilirdim ki, bizim üçün çətin olacaq. Belə komandaya qarşı azlıqda oynamaq asan deyil. Ona görə də beş müdafiəçi, üç mərkəz oyunçusu və bir hücumçu ilə oynamağa başladıq. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Buraxdığımız qola qədər rəqibin təhlükəli epizodu yox idi. Daha sonra qol buraxdıq və rəqibin daha bir qol imkanı yarandı. Emil Balayevə təşəkkür edirəm, bizi təhlükədən xilas etdi.
Bütün məqamları nəzərə alsaq, əsas odur ki, bu gün uduzmadıq. Sabah “Sabah”la “Qarabağ” qarşılaşacaq. Şəxsi fikrim odur ki, biz iki xalı itirdik. Buna görə məni tənqid edə bilərsiniz, amma mən həmişə bütün matçlarda qalib gəlmək istəyirəm. İşləməyə davam edəcəyik.
Emin Mahmudovun mikrozədəsi var idi. Hətta onu oyunun iştirak ərizəsinə də daxil etməmişdik.
Bəli, İqor Ribeyronun “Turan Tovuz”la oyunlarda üçüncü qırmızı vərəqəsidir. Deməzdim ki, onun “Turan Tovuz”a qarşı aqressiyası var. Müdafiəçinin səhvi oldu, topa daha tez getmək lazım idi. Düşünmürəm ki, o, rəqibi zədələmək niyyəti ilə belə sərt oynasın.
Dünən Ukrayna çempionatında “Dinamo” ilə “Kudrivka” arasında keçirilən oyunda İvan Petryak ağır zədə aldı, kəllə sümüyü də zədələndi. Orada aqressiya yox idi, futbolçular baş-başa toqquşmuşdular. Yaxşı ki, hər şey yaxşı bitdi. Ən önəmlisi sağlamlıqdır.
Milli fasilədən sonra ən zəif oyunumuzun bu olduğunu düşünürsünüzsə, bu barədə nəsə deyə bilmərəm. Mənim fikrim bir qədər fərqlidir. “Qarabağ”la açıq futbol oynadıq və hesab 1:5 oldu. Həmin oyunda yaxşı epizodlarımız da var idi. Açığı, “Qarabağ”la oyunumuzdan çox razı qalmadım. Olduğu kimi deyirəm, orada da daha çox topsuz oynayırdıq.
Bu gün isə azlıqda qaldığımız üçün vəziyyət daha çətin idi. Bunu həzm edib irəli baxmaq lazımdır.
Bakıda keçirilən U-15 dünya çempionatına getməyimlə bağlı hələ dəqiq bir şey deyə bilmərəm. Oyunların qrafikini öyrənmək lazımdır. İşim çoxdur. Səhər saat 9-da bazaya gəlirəm, axşam 7-də çıxıram. Hətta bəzi məşqçilərim işdən axşam saat 11-12-də çıxırlar. Çünki rəqiblərimizi öyrənməliyik.
Çox yaxşı təhlillərimiz olur. Amma bəzilərinin bunlara niyə diqqətlə qulaq asmadığı mənə maraqlıdır. Komandamız çoxmillətlidir. İspan, fransız və ingilis dillərində də danışırıq. Bəlkə də hamı tərcüməni başa düşmür, baxmayaraq ki, yaxşı tərcüməçilərimiz var. Üç dili öyrənmək də çətindir.
Azərbaycan dilini öyrənmək isə mənim üçün daha asandır. Çünki burada yaşayıram və sizinlə ünsiyyətdə oluram”.





