İdman · İdman.biz

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik” xəbəri üçün şəkil

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının doqquzuncu turunda “Turan Tovuz”la 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis komandasının qarşılaşmaya uğursuz başladığını, lakin azlıqda qalmasına baxmayaraq, qələbə uğrunda mübarizə apardığını söyləyib.

“İlk 20 dəqiqədə rəqib daha təhlükəli oynayırdı. Müdafiəçimizin səhvindən sonra azlıqda qaldıq. Təəccüblü olsa da, bundan sonra daha yaxşı oynamağa başladıq. Qol vurduq və fasiləyə üstünlüklə yollandıq. İkinci hissədə çətin olacağını bilirdim. 5-3-1 sxeminə keçdik. Bütün zonaları bağlaya bildik və qola qədər rəqibə şans vermədik. Emil Balayevə təşəkkür edirəm, o, komandamızı ikinci qoldan xilas etdi. Bütün bunları nəzərə alsaq, məğlub olmadığımıza görə razı qala bilərik. Amma istənilən halda, iki xal itirdiyimizi düşünürəm. Mən hər oyunda qalib gəlmək istəyirəm”, - deyə Vernidub vurğulayıb.

Baş məşqçi İqor Ribeyronun qırmızı vərəqə aldığı epizoda da münasibət bildirib:

“Futbolçunun sadə epizodda niyə belə qərar verdiyini anlamaq çətindir. Topu meydandan çıxara bilərdi. Topa qədər məsafə yeddi metr, İbrahima Vadjiyə qədər isə 14 metr idi. Müdafiəçi daim hərəkətdə olmalı, meydanda piyada gəzməməlidir. Üstəlik, həmin epizodda bizə qarşı ciddi pressinq də yox idi. Artıq on aydır buradayam və bu məqam üzərində işləyirəm. Görünür, yaxşı işləməmişəm. Bu istiqamətdə daha çox çalışmağa davam edəcəyəm”.

Ribeyronun “Turan Tovuz”la qarşılaşmalarda üçüncü dəfə qırmızı vərəqə almasına toxunan mütəxəssis futbolçunun rəqibə qarşı xüsusi aqressiyasının olduğunu düşünmür:

“Deməzdim ki, aqressiyası var. Müdafiəçi həmin epizodda səhv etdi, topa daha tez çatmalı idi. Düşünmürəm ki, o, rəqibə qarşı bilərəkdən sərt oynasın və onu zədələmək istəsin. Dünən Ukrayna çempionatında “Dinamo” - “Kudrivka” matçında İvan Petryak çox ağır zədə aldı, kəllə sümüyündə də sınıq yarandı. Orada da aqressiya yox idi, futbolçular baş-başa toqquşmuşdular. Yaxşı ki, hər şey yaxşı qurtardı. Ən vacibi futbolçuların sağlamlığıdır”.

Vernidub “Qarabağ”, “Sabah”, “Turan Tovuz” və “Zirə” ilə oyunlarda qələbə qazana bilməmələrindən də danışıb:

“Qələbə qazana bilməmək mənim üçün çox ağrılıdır. Halbuki bunun üçün imkanlarımız da olub. “Qarabağ”a qarşı 3:1 öndə idik, amma sonda hesab 3:3 oldu. “Sabah”la görüşdə də qələbə qazana bilərdik. Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq və onlarla bərabər səviyyədə mübarizə aparırıq”.

Baş məşqçi Emin Mahmudovun görüşdə iştirak etməməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, futbolçunun yüngül zədəsi var və bu səbəbdən oyun üçün iştirak ərizəsinə daxil edilməyib.

Bakıda keçirilən U-15 dünya çempionatının oyunlarını izləmək ehtimalına gəlincə, Vernidub iş qrafikinin buna imkan verməyə biləcəyini qeyd edib:

“Əvvəlcə oyunların qrafikinə baxmaq lazımdır. Amma o qədər işim var ki, vaxt tapmaq çətin olacaq. Səhər saat 9-da bazaya gəlirəm, axşam 7-də oradan çıxıram. Bəzi məşqçilərim isə gecə saat 11-12-də də işdən ayrılırlar. Çünki rəqiblərimizi ətraflı təhlil etməliyik”.

Ukraynalı mütəxəssis komandada ünsiyyət və təhlillərin futbolçular tərəfindən mənimsənilməsi məsələsinə də toxunub:

“Analizlərimiz çox yaxşı alınır. Amma maraqlıdır ki, bəziləri niyə onlara diqqətlə qulaq asmır. Komandamız çoxmillətlidir, ispan, fransız və ingilis dillərində də danışırıq. Bəlkə də hamı tərcüməni tam başa düşmür, hərçənd yaxşı tərcüməçilərimiz var. Üç dil öyrənmək də asan deyil. Azərbaycan dilini öyrənmək isə mənim üçün daha rahatdır. Çünki burada yaşayıram və sizinlə ünsiyyətdə oluram”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑