BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycan klub basketbolu üçün cari mövsümdə oktyabr ayının sonuncu həftəsi beynəlxalq arenada misilsiz və tarixi bir uğur kimi yadda qalıb.
Teleqraf xəbər verir ki, Avropanın nüfuzlu klub turnirlərində ölkəmizi təmsil edən üç komandamız - "Sabah", "Landau Lions" və "Gəncə" keçirdikləri rəsmi oyunlarda qələbələr qazanaraq Azərbaycan basketbol tarixinə qızıl hərflərlə yazılacaq nəticələrə imza atıblar.
Basketbol üzrə Çempionlar Liqasında mübarizə aparan "Sabah" klubu nümayiş etdirdiyi əzmkar oyunla Fransanın "Nanter" klubu üzərində 87:80 hesablı qələbə əldə edib. FİBA Avropa Kubokunda ölkəmizi təmsil edən "Landau Lions" gərgin və əlavə vaxta gedən oyunun sonunda 94:86 hesabı ilə "Denizli Basket" ə, yalnız 5 əcnəbi basketbolçunun köməyindən istifadə edən "Gəncə" isə 69:67 hesabı ilə Portuqaliyanın köklü "Sportinq" klubuna qalib gələrək ilk qrup qələbələrini qazanıblar.
Eyni həftə ərzində üç müxtəlif klubumuzun Avropa səhnəsində möhtəşəm qələbələr qazanması Azərbaycan basketbolunun inkişaf tempini, yerli çempionatın səviyyəsinin yüksəldiyini və klublarımızın beynəlxalq miqyasda rəqabətədavamlı olduğunu bir daha sübut etmişdir.





