İngiltərə Futbol Assosiasiyası (FA) “Arsenal”ın 16 yaşlı yarımmüdafiəçisi Maks Doumana verilən qırmızı vərəqə ilə bağlı apellyasiya müraciətini təmin etməyib.
Futbolpress.az xəbər verir ki, müstəqil intizam komissiyası London təmsilçisinin həm qırmızı vərəqəyə, həm də sanksiyanın ağırlığına dair etirazlarını rədd edib. Bu qərardan sonra gənc futbolçunun 3 oyunluq diskvalifikasiyası qüvvədə qalıb.
Qalmaqallı epizod oktyabrın 27-də İngiltərə Liqa Kubokunun “Flitvud Taun”la matçının (əsas vaxt 1:1, penaltilərlə 3:5) 85-ci dəqiqəsində yaşanıb. Douman rəqib futbolçu Harrison Nillə toqquşduqdan sonra ona ayağı ilə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdı.
FA komissiyanın qərarına dair yazılı əsaslandırmanın tezliklə ictimaiyyətə təqdim olunacağını bildirib.






