Texnologiya · Technote.az

Süni intellekt 98 sınaqdan yalnız 3-də çatbotu tanıya bilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süni intellekt 98 sınaqdan yalnız 3-də çatbotu tanıya bilib xəbəri üçün şəkil
    “Paris Cité” Universitetinin 4 tədqiqatçısı süni intellekt çatbotlarının, yəni yazılı söhbət aparan proqramların insanı digər çatbotlardan nə qədər yaxşı ayırd etdiyini yoxlayıb. Sınaq göstərib ki, aparıcı modellər insan kimi davranan çatbotları demək olar ki, tanıya bilmir. Araşdırma “Computers in Human Behavior Reports” jurnalında dərc olunub. Nəticələrə görə, saxta hesabları aşkarlamaq üçün yalnız süni intellektə güvənmək yetərli deyil.    Alan Turing 1950-ci ildə maşınların düşünüb-düşünmədiyini yoxlamaq üçün yazılı söhbətə əsaslanan test irəli sürmüşdü. Yeni araşdırmada 7 çatbot qarşı tərəfin insan, yoxsa süni intellekt olduğunu tapmağa çalışıb. Sınağa “ChatGPT 4.5”, “Claude 3.7 Sonnet”, “Gemini 2.5 Pro” və “Grok 3” kimi aparıcı modellər qatılıb. Hər model ən çox 10 sual verib. Onlara iştirakçıların yalan danışa biləcəyi də əvvəlcədən deyilib.    Qarşı tərəfdə kimliyi gizli saxlanılan 20 könüllü və qiymətləndirici kimi işləyən eyni 7 model olub. Hər çatbot insan kimi görünməsi üçün 2 fərqli təlimatla yoxlanılıb. İlk sınaqda ona sadəcə insan kimi davranmaq tapşırılıb. Digər sınaqda modelə qaçışla məşğul olan, caz trubası çalan, bəzən yazı səhvi edən və bir qədər qapalı 21 yaşlı şəxsin ətraflı obrazı verilib.    Süni intellektin iştirak etdiyi 98 sınaqdan yalnız 3-də modelin maşın olduğu aşkarlanıb. Ətraflı obraz verilən çatbotların heç biri tanınmayıb. Üstəlik, süni intellekt modelləri orta hesabla real insanlardan daha çox insan kimi qiymətləndirilib. Obraz verilən çatbotların cavabları orta hesabla 39, insanların cavabları isə 38 sözdən ibarət olub.    Aşkarlanan çatbotları cavabların məzmunu deyil, həddindən artıq səliqəli və planlı yazı tərzi ələ verib. Ətraflı obraz verildikdə bu əlamətlər də yoxa çıxıb. “Claude” əvvəlcə özünü insan kimi göstərməkdən imtina etsə də, bunun elmi araşdırma olduğu açıqlanandan sonra sınağa qoşulub. Tədqiqatçıların fikrincə, saxta hesablarla mübarizədə insan nəzarəti və hesabın mənşəyini təsdiqləyən kriptoqrafik, yəni rəqəmsal imzalar kimi əlavə qoruma üsulları lazım olacaq.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑