Ağsu, 28 oktyabr,
Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi üçün su ehtiyatlarından səmərəli istifadə olunması, müasir suvarma texnologiyalarının tətbiqi və əkin sahələrində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi vacibdir.xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.
“Ölkə üzrə suvarılan torpaqların ümumi sahəsi təxminən 1,5 milyon hektardır. Kənd təsərrüfatı məhsullarının istehsalında suvarılan torpaqlar mühüm rol oynadığından suyun qənaətlə istifadəsi və suvarma sistemlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Əkin sahələrində torpağın hamarlanması suvarma suyunun bərabər paylanmasına və itkilərin azaldılmasına şərait yaradır. Bu baxımdan, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəyə gətirilən lazer texnologiyalı hamarlama texnikalarının tətbiqi fermerlər üçün əlavə imkanlar yaradır”, - deyə Akif Quliyev qeyd edib.
Onun sözlərinə görə, həmin texnikalar vasitəsilə torpaq səthinin dəqiq hamarlanması suvarma suyunun sahə üzrə daha bərabər paylanmasına kömək edir: “Nəticədə sudan istifadənin səmərəliliyi yüksəlir, su itkiləri azalır və məhsuldarlığın artırılması üçün əlverişli şərait formalaşır”.
Agentliyin rəsmisi bildirib ki, Şirvan suvarma kanalının yenidən qurulması nəticəsində əlavə 100 min hektar kənd təsərrüfatı torpağının suvarılan sahələrə cəlb edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrində müasir suvarma texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Akif Quliyev fermerlərə yeni əkin sahələrində damcı və yağmurlama suvarma sistemləri kimi müasir üsullara üstünlük verməyi tövsiyə edib. Onun fikrincə, bu texnologiyalar su ehtiyatlarına qənaət etməklə yanaşı, bitkilərin suya tələbatının daha səmərəli ödənilməsinə və istehsal göstəricilərinin yaxşılaşdırılmasına imkan verir: “Suvarma infrastrukturunun inkişafı müasir aqrotexniki yanaşmalarla birgə həyata keçirildikdə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və su ehtiyatlarının qorunmasına daha böyük töhfə verə bilər”.
Müəllif - Vüqar Qurbanoğlu
Videooperator - Mirrəsul Cəfərov