Bakı, 28 oktyabr,
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri ikitərəfli münasibətlərin yeni səviyyəyə qalxması istiqamətində mühüm addımdır. Tərəflər siyasi dialoqun genişləndirilməsində, ticarət-iqtisadi əməkdaşlığın inkişafında və yüksək texnologiyalar sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsində maraqlıdırlar. Energetika, nəqliyyat-logistika, rəqəmsal infrastruktur və turizm sahələrində əməkdaşlıq üçün xüsusilə geniş perspektivlər mövcuddur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, doktor Ahmet Turan bildirib.
- Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşü siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün hansı imkanlar yaradır?
- Oktyabrın 23-də keçirilən görüşü iki ölkə arasında münasibətlərin normallaşması yolunda dönüş nöqtəsi hesab etmək olar. Bu, Cayşankarın Azərbaycana ilk səfəri, eyni zamanda, son on ildə Hindistanın Azərbaycana göndərdiyi ən yüksəksəviyyəli nümayəndənin səfəri idi. Hazırkı yaxınlaşma təsadüfi deyil, ardıcıl diplomatik fəaliyyətin nəticəsidir.
Yüksəksəviyyəli görüş prosesin hər iki tərəfdən siyasi dəstək aldığını göstərir. Əldə oluna biləcək mühüm nəticələr arasında qarşılıqlı səfərlərin bərpası, xarici siyasət idarələri arasında təmasların intensivləşdirilməsi və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsi var.
Bundan əlavə, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Bu, çoxtərəfli platformalarda mövqelərin əlaqələndirilməsinə kömək edə bilər. Cayşankarın Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişə diqqət yetirməsi də müsbət siqnaldır.
Hazırkı mərhələni tam strateji tərəfdaşlığa keçid kimi deyil, mövcud fikir ayrılıqlarını idarə etməklə praqmatik əməkdaşlığın qurulması cəhdi kimi qiymətləndirmək daha doğru olar.
- Azərbaycan və Hindistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hansı istiqamətlər daha perspektivlidir? Energetika, nəqliyyat, rəqəmsal infrastruktur və süni intellekt hansı rol oynaya bilər?
- İlk növbədə, ikitərəfli ticarəti şaxələndirmək lazımdır. Hindistanın Azərbaycandakı səfirliyinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 1,88 milyard dollara, 2023-cü ildə isə 1,43 milyard dollara çatıb. Lakin 2025-ci ildə bu göstərici 401 milyon dollara qədər azalıb. Bu, ticarətin ayrı-ayrı məhsul kateqoriyalarından, xüsusilə Azərbaycan neftindən əhəmiyyətli dərəcədə asılı olduğunu göstərir.
Energetika əməkdaşlığın ən sabit istiqamətlərindən biri olaraq qalır. Hindistanın “ONGC Videsh” şirkəti “Azəri-Çıraq-Günəşli” yatağında və Bakı-Tbilisi-Ceyhan neft kəmərində iştirak paylarının əldə edilməsinə 1,2 milyard dollardan çox investisiya yatırıb. 2024-cü ilin noyabrında şirkət layihədə əlavə iştirak payı əldə edərək “Azəri-Çıraq-Günəşli”dəki payını 2,925 faizə, Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki payını isə 3,097 faizə çatdırıb.
Gələcəkdə əməkdaşlıq yeni enerji layihələrini, neft-kimya sənayesini və qaz emalını əhatə edə bilər. Dünyanın ən böyük neft istehlakçılarından biri olan Hindistan üçün Azərbaycan əlavə enerji təchizatı mənbəyi rolunu oynaya bilər.
Nəqliyyat və tranzit də mühüm istiqamətdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan və Rusiya arasında əlaqələri gücləndirmək potensialına malikdir. Azərbaycan üçün bu, Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində regional logistika mərkəzi kimi mövqelərini möhkəmləndirmək imkanıdır. Hindistan isə Pakistan ərazisindən keçmədən Avrasiya bazarlarına çıxışını genişləndirə bilər.
Rəqəmsal sahədə də əhəmiyyətli perspektivlər mövcuddur. Hindistanın rəqəmsal ödənişlər, elektron identifikasiya və rəqəmsal dövlət infrastrukturu sahəsində təcrübəsi Azərbaycan üçün faydalı ola bilər. Hindistanın İT şirkətləri proqram təminatının hazırlanmasına, rəqəmsal transformasiyaya və mütəxəssislərin hazırlanmasına töhfə verə bilərlər.
Süni intellekt sahəsində əməkdaşlıq da dövlət idarəçiliyi, energetika və kənd təsərrüfatı sektorlarında inkişaf edə bilər. Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsini nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi Hindistan şirkətləri üçün Mərkəzi Asiyaya rəqəmsal çıxış imkanları yarada bilər.
Digər perspektivli istiqamətlər arasında əczaçılıq, bərpaolunan enerji və kənd təsərrüfatı da var. Hindistanın generik dərman istehsalı sahəsindəki təcrübəsi Azərbaycanda yerli istehsal müəssisələrinin yaradılmasına kömək edə bilər. Günəş enerjisi texnologiyaları isə Qarabağ və Şərqi Zəngəzurda tətbiq oluna bilər.
- Qlobal Cənub ölkələri arasında əməkdaşlığın gücləndiyi şəraitdə Azərbaycan və Hindistanın qarşılıqlı maraqlarını uzlaşdırmaq üçün hansı imkanlar mövcuddur? Turizm, mədəniyyət və tarixi əlaqələr uzunmüddətli əməkdaşlığa necə töhfə verə bilər?
- Qlobal Cənub ölkələrinə mənsubiyyət Azərbaycan və Hindistanın maraqlarını uzlaşdırmaq üçün təbii zəmin yaradır. Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edib, həmçinin Hindistanın təşəbbüsü ilə keçirilən “Qlobal Cənubun Səsi” sammitlərinin hər üçündə iştirak edib. İqlim diplomatiyası da ortaq maraq sahəsidir. Buraya iqlim maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrin ədalətli inkişafı ilə bağlı məsələlər daxildir.
Ölkələrin iqtisadiyyatları bir-birini tamamlamaq potensialına malikdir. Hindistan böyük bazara sahibdir, Azərbaycan isə Hindistan üçün Xəzər dənizinə, Mərkəzi Asiyaya və Avropaya çıxış imkanı verən nəqliyyat və ticarət qovşağı rolunu oynaya bilər.
Turizm insanlararası əlaqələrin ən dinamik istiqamətlərindən biridir. 2025-ci ildə Azərbaycana Hindistandan 166 min 944 turist gəlib. Bu göstərici Hindistanı Azərbaycana ən çox turist göndərən dördüncü ölkə edib. Birbaşa aviareyslərin sayının artırılması, viza prosedurlarının sadələşdirilməsi, Hindistan filmlərinin çəkilişləri üçün Azərbaycanın məkan kimi təşviqi, eləcə də toy və biznes tədbirlərinin ölkəmizdə təşkili turist axınının artmasına kömək edə bilər.
Tarixi və mədəni əlaqələr iki ölkə arasındakı münasibətlərə xüsusi məna verir. Bunun ən parlaq nümunələrindən biri Bakı yaxınlığında yerləşən Atəşgah məbədidir. Abidənin divarlarında hind tacirlərinin bölgədəki mövcudluğunu təsdiqləyən devanaqari və qurumhi yazıları qorunub saxlanılıb. Azərbaycan və Hindistan arasında mədəni əlaqələrdə Nizami Gəncəvinin yaradıcılığı da mühüm yer tutur. Onun əsərləri Hindistan ədəbiyyatına təsir göstərib.
Humanitar mübadilələr də əhəmiyyətlidir. Hindistanın ITEC proqramı çərçivəsində Azərbaycan dövlət qulluqçularına hər il təlim kursları təklif olunur. 2024-cü ilin dekabrınadək 230-dan çox azərbaycanlı mütəxəssis bu imkanlardan yararlanıb. Azərbaycan Dillər Universitetində sanskrit və hindi dilləri tədris olunur. Azərbaycandakı hind icmasının sayı təxminən min nəfərdir və onların arasında yerli ali təhsil müəssisələrində oxuyan tələbələr də var.
Tarixi, mədəni və humanitar əlaqələr üç səbəbdən strateji əhəmiyyət daşıyır. Birincisi, hökumətlər arasında gərginlik yarandıqda belə, cəmiyyətlər arasındakı müsbət münasibətlər dialoqun bərpasını asanlaşdırır. İkincisi, Atəşgah, Nizami Gəncəvi və hind kinosu kimi ortaq mədəni simvollar xalqların bir-birini daha yaxşı anlamasına kömək edir. Üçüncüsü, turizm və təhsil əlaqələri biznes sahəsində etimadın formalaşmasına, bu isə investisiya qərarlarına müsbət təsir göstərir.
Ümumilikdə, Cayşankarın Bakıya səfəri 2025-ci il böhranından sonra Azərbaycan-Hindistan münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Gələcək irəliləyiş Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasından, qarşılıqlı səfərlərin genişləndirilməsindən, ticarət dövriyyəsinin artırılmasından, aviareyslərin çoxaldılmasından və rəqəmsal texnologiyalar sahəsində konkret sazişlərin imzalanmasından asılı olacaq.
Ən real yanaşma iqtisadiyyat, texnologiya və insanlararası əlaqələrdə praktiki nəticələr əldə etmək, Pakistan və Ermənistanla bağlı həssas məsələləri isə ehtiyatla idarə etməkdir.
Müxbir - Pərvanə Qafarova

