"Son günlərdə vətəndaşlar arasında WhatsApp hesablarının ələ keçirilməsi ilə bağlı yeni bir kiberhücum dalğası müşahidə olunur. Hücumçular istifadəçilərin birdəfəlik təsdiqləmə (OTP) kodlarını ələ keçirərək şəxsi hesablara daxil olmağa çalışırlar".
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev deyib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik mütəxəssisləri xəbərdar edirlər ki, əgər sizə yaxınlarınızdan və ya tanımadığınız nömrələrdən "WhatsApp təsdiq kodu" və ya "OTP kodu" ilə bağlı gözlənilməz mesajlar gəlirsə, bu, birbaşa hesabınızı ələ keçirmək cəhdi ola bilər:
Hücum necə baş verir?
"Hücumçular sosial mühəndislik (social engineering) üsulundan istifadə edərək, sizi tələsdirməyə və ya çaşdırmağa çalışırlar. Məsələn, sizə "səhvən sizin nömrənizə kod göndərdim, zəhmət olmasa kodu mənə göndər" və ya "hesabınızda şübhəli giriş var, təsdiqləmək üçün kodu buraya yazın" kimi mesajlar yazıla bilər. Siz kodu paylaşan kimi, hücumçu sizin WhatsApp hesabınızı öz cihazında aktivləşdirir və bütün yazışmalarınıza, şəxsi məlumatlarınıza və kontaktlarınıza daxil olur.
Hesabınızı necə qoruya bilərsiniz?
WhatsApp və digər şəxsi məlumatlarınızı bu cür kiberhücumlardan qorumaq üçün aşağıdakı fundamental təhlükəsizlik qaydalarına əməl etməyiniz mütləqdir:
OTP kodlarını heç kimlə paylaşmayın.
Ən vacib qayda budur: WhatsApp tərəfindən göndərilən təsdiqləmə kodu (OTP) yalnız sizə məxsusdur. Heç bir rəsmi nümayəndə, dostunuz və ya tanışınız sizdən bu kodu istəməz. Kod gəldiyi an, həmin mesajı dərhal silin və kodu heç kimə deməyin.
İki mərhələli təsdiqləməni (Two-Step Verification) aktiv edin.
Bu, hesabınız üçün ən güclü müdafiə mexanizmidir. Bu funksiyanı aktiv etdikdə, hesabınıza daxil olmaq üçün təkcə SMS kodu deyil, həm də sizin tərəfinizdən müəyyən edilmiş 6 rəqəmli şəxsi PIN kodu tələb olunacaq.
Necə edilir?
WhatsApp Ayarlar \ Hesab \ İki Mərhələli Təsdiqləmə \ Aktiv et.
Şübhəli linklərə və mesajlara dikkat edin.
"Hədiyyə qazandınız", "Hesabınız bloklanıb" və ya "Təsdiqləmək üçün bura klikləyin" kimi mesajlar vasitəsilə gələn linklərə klikləməyin. Bu linklər sizi saxta saytlara yönləndirərək məlumatlarınızı oğurlaya bilər.
Bağlı cihazları müntəzəm yoxlayın.
WhatsApp-ın sizin nömrənizlə hansısa kompüterdə və ya brauzerdə (WhatsApp Web) açıq olub-olmadığını yoxlamaq üçün mütəmadi olaraq "Bağlı Cihazlar" bölməsinə daxil olun. Tanımadığınız bir cihaz görsəniz, dərhal "Çıxış et" (Log out) düyməsini sıxın.
Şəxsi məlumatların gizliliyi,profil şəklinizi, "Haqqında" bölməsini və son görülmə tarixini yalnız kontaktlarınıza (tanıdıqlarınıza) göstərəcək şəkildə tənzimləyin. Bu, hücumçuların sizin haqqınızda məlumat toplamasını çətinləşdirir.
Unutmayın: Kiber-təhlükəsizlik sizin diqqətinizlə başlayır. Bir anlıq səbirsizlik və ya diqqətsizlik bütün şəxsi həyatınızın rəqəmsal dünyada ələ keçirilməsinə səbəb ola bilər".

