Müasir geosiyasi şəraitdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və nəqliyyat marşrutlarının şaxələndirilməsi regional əməkdaşlığın əsas prioritetləri sırasındadır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında inkişaf edən münasibətlər bu baxımdan diqqəti cəlb edir. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə vurğuladığı fikirlər tərəfdaşlığın mövcud nəticələrini və gələcək inkişaf perspektivlərini əhatə edir.
Ötən ilin noyabrında Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi regional əməkdaşlıq tarixində əlamətdar hadisədir. Bu qərar ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə möhkəmlənən əlaqələrinin və qarşılıqlı etimadın göstəricisidir. Prezident İlham Əliyevin Azərbaycanın üzvlük təşəbbüsünə göstərilən dəstəyə görə həmkarlarına təşəkkür etməsi, Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi qeyd etməsi qarşılıqlı dəstəyin əhəmiyyətini nümayiş etdirir. Azərbaycanın bu formata tamhüquqlu üzvlüyü Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında əməkdaşlığın daha geniş müstəvidə inkişafına yeni imkanlar yaradır.
İqtisadi-ticari əlaqələr və qarşılıqlı investisiyalar tərəfdaşlığın əsas istiqamətlərindəndir. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə yeni istehsal müəssisələrinin qurulması, sənaye əməkdaşlığının genişləndirilməsi və xarici bazarlara birgə çıxış üçün əlverişli imkanlar yaradır. Bu yanaşma qarşılıqlı ticarətin artırılması ilə yanaşı, ortaq istehsalın və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafını nəzərdə tutur.
Nəqliyyat və logistika Azərbaycanın regional əməkdaşlıq gündəliyində xüsusi yer tutur. Xəzər dənizi üzərindən daşımaların genişlənməsi, nəqliyyat infrastrukturunun inkişafı və Orta Dəhlizin artan əhəmiyyəti ölkəmizin beynəlxalq tranzit imkanlarını gücləndirir. Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz üzrə tranzit yükdaşımaların ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artmasının qeyd olunması bu marşrutun perspektivlərini nümayiş etdirir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər də regionun nəqliyyat və rəqəmsal bağlantılarının möhkəmlənməsinə xidmət edir.
Energetika sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqli ölkəmizin tranzit imkanlarını genişləndirir. Eyni zamanda, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər bərpaolunan enerji sahəsində yeni perspektivlər formalaşdırır. Bu təşəbbüslər region ölkələrinin enerji resurslarından səmərəli istifadəsinə və beynəlxalq bazarlarla əlaqələrinin genişlənməsinə şərait yaradır.
Münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar dəstəkdir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş dəstəyinin konkret nümunələridir. Türkmənistanın Füzulidə məscid tikintisinə töhfəsi də xalqlarımız arasında dostluğun və mənəvi yaxınlığın ifadəsidir. Bu layihələr işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək verməklə yanaşı, ölkələrimiz arasında humanitar əlaqələri də möhkəmləndirir.
Azərbaycanın Mərkəzi Asiya ilə tərəfdaşlığı ortaq iqtisadi maraqları, nəqliyyat bağlantılarını, enerji təhlükəsizliyini və humanitar həmrəyliyi birləşdirən çoxşaxəli əməkdaşlıq modeli kimi diqqət çəkir. Məşvərət formatında tamhüquqlu iştirak ölkəmizin regional proseslərdə mövqeyini möhkəmləndirir, qarşılıqlı faydaya əsaslanan yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu əməkdaşlıq, eyni zamanda, Türk dünyası daxilində əlaqələrin genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına və nəqliyyat-logistika marşrutlarının səmərəliliyinin yüksəldilməsinə töhfə verir. Xüsusilə Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların genişləndirilməsi və enerji resurslarının beynəlxalq bazarlara çatdırılması istiqamətində birgə fəaliyyət strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın sülh siyasəti və regionda davamlı sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir. Qarşılıqlı etimadın möhkəmləndirilməsi, dialoqun təşviqi regional təhlükəsizliyin qorunmasına, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə əlverişli şərait yaradır.
Humanitar, mədəni və təhsil sahələrində münasibətlərin dərinləşdirilməsi də xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Bütün bunlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığının inkişafına, regionda sülhün, sabitliyin və davamlı tərəqqinin möhkəmlənməsinə xidmət edir.
Asif Əsgərov
Milli Məclisin deputatı





