Siyasət · Azxeber.com

Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi xəbəri üçün şəkil
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfəri çərçivəsində oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. Azərbaycan 2025-ci ilin noyabrında bu formatın tamhüquqlu üzvünə çevrilib. Görüşdə çıxış edən dövlət başçısı Azərbaycanın iştirakı ilə formatın daha da genişləndiyini vurğulayıb və üzvlüyə dəstəyə görə həmkarlarına təşəkkür edib. 
İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun intensivləşdiyini, iqtisadi-ticari əlaqələrin, qarşılıqlı investisiyaların və birgə layihələrin artdığını bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanın region ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox yüksəlib, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərib. Prezident birgə investisiya fondlarından daha fəal istifadə edilməsinin, istehsal və sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyini də qeyd edib. 
Çıxışda nəqliyyat və enerji əməkdaşlığı da əsas istiqamətlər kimi önə çəkilib. Prezident Xəzər üzərindən daşımaların, liman və dəmir yolu infrastrukturunun inkişafının, eləcə də Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb. O, Orta Dəhliz üzrə tranzit yükdaşımalarının 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığını bildirib. Azərbaycan, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlərin aparıldığı da qeyd olunub. 
Milli Məclisin deputatı Fatma Yıldırım AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması mühüm siyasi hadisədir:

"Cənab Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin hansı səviyyəyə yüksəldiyini bir daha aydın şəkildə göstərdi. Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması mühüm siyasi hadisədir. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region dövlətləri ilə münasibətlərində yüksək etimadın və qarşılıqlı hörmətin formalaşdığını göstərir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasətin mühüm nəticələrindən biridir”.


Parlamentari qeyd edib ki, bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır:
"Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika və digər sahələrdə əməkdaşlıq sürətlə genişlənir. Ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması və Mərkəzi Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən artıq şirkətin fəaliyyət göstərməsi bu əməkdaşlığın artıq real iqtisadi nəticələr verdiyini göstərir. Xüsusilə investisiya sahəsində görülən işləri qeyd etmək lazımdır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların imkanlarından səmərəli istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi və sənaye əməkdaşlığının genişləndirilməsi üçün ciddi imkanlar yaranır”.
Deputat əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində nəqliyyat və logistika istiqaməti də xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində nəqliyyat və logistika istiqaməti də xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi qeyd olunmalıdır. Azərbaycan həm Xəzər üzərindən keçən marşrutun əsas halqalarından biri, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağıdır. Son illərdə ölkəmizdə yaradılmış müasir yol, dəmir yolu, liman və logistika infrastrukturu Azərbaycanın bu prosesdə rolunu daha da gücləndirib”.
"Energetika sahəsində əməkdaşlığımız da strateji xarakter daşıyır. Mərkəzi Asiya ölkələrindən neftin Azərbaycan ərazisi ilə dünya bazarlarına çıxarılması, eyni zamanda Qazaxıstan və Özbəkistanla yaşıl enerji və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional enerji təhlükəsizliyində rolunu artırır. Xüsusi olaraq Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərimizin bərpasına verdiyi dəstəyi də qeyd etmək lazımdır. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikməsi bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır. Bu layihələr təkcə tikinti və infrastruktur layihələri deyil. Bunlar Azərbaycanla Mərkəzi Asiya xalqları arasında tarixi, mənəvi və qardaşlıq bağlarının konkret ifadəsidir. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində qardaş ölkələrin iştirakı xalqlarımız arasındakı həmrəyliyin çox mühüm göstəricisidir”.
"Prezident İlham Əliyevin çıxışında bir daha vurğulandı ki, regional əməkdaşlığın inkişafı üçün əsas şərtlərdən biri sülh və təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan bütün bu proseslərdə sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin şahidiyik. Bu mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın konkret iqtisadi, nəqliyyat, enerji və humanitar layihələrlə tamamlanmasıdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm tərəfdaş və etibarlı tranzit ölkə kimi öz mövqeyini daha da möhkəmləndirib. Qarşıdakı dövrdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq daha da genişlənəcək. Bu münasibətlər yalnız ölkələrimizin iqtisadi və siyasi maraqlarına deyil, bütövlükdə regionda sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək”,-deyə deputat vurğulayıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verir:

"Cənab Prezident İlham Əliyevin reallaşdırdığı bu işgüzar səfər, ölkənin xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji inteqrasiyanın yeni və daha dinamik mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər çərçivəsində dövlət başçısı Türkmənistanda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-cı Məşvərət görüşündə iştirak edib və region üçün strateji əhəmiyyət kəsb edən mühüm sənədlərə də imza atıb”.


"Ümumiyyətlə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verir. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirilməsi hər zaman diqqət mərkəzindədir. Təbiiki bu sahədə görülən işlər regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək etməyə hədəflənib. Müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi ön plana çıxardır. Bu çərçivədə Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakçılar arasında bərabərhüquqlu və etimada əsaslanan siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsinin önəmi diqqətə çatdırılıb”,-deyə deputat deyib.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
Şahanə Ziyad

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑