Siyasət · SİA

Məkkə Sazişi, Türk dünyasının yeni xətti və Azərbaycanın qovşaq dövlət konsepsiyası - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məkkə Sazişi, Türk dünyasının yeni xətti və Azərbaycanın qovşaq dövlət konsepsiyası - FOTO xəbəri üçün şəkil

Geosiyasi ekspert Cavid İsmayılla müsahibə

Dəyişən dünya nizamında Azərbaycanın geosiyasi mövqeyi, Türk dünyasının inteqrasiyası və yeni regional təhlükəsizlik mexanizmləri getdikcə daha çox aktuallıq qazanır. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik əməkdaşlığının genişlənməsi fonunda bu proseslərin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələri də diqqət mərkəzindədir.

Geosiyasi ekspert Cavid İsmayılın Azərbaycanın geosiyasi mövqeyi, milli təhlükəsizlik və Türk dünyasının gələcəyi ilə bağlı təhlilləri son dövrdə mediada dərc olunan silsilə yazı, geosiyasi şərh və müsahibələrində öz əksini tapıb.

Müəllifin 25 avqust 2026-cı il tarixli «Məkkədən Xəzərə: Yeni Avrasiya Nizamı Yaranırmı?» adlı yazısı bu istiqamətdə diqqətçəkən materiallardan biridir. 3 oktyabr 2026-cı il tarixli «Azərbaycanın yeni dövrü - gücdən qovşağa» adlı geosiyasi şərhdə isə Azərbaycanın dəyişən geosiyasi şəraitdəki imkanları və strateji mövqeyi təhlil olunub. Bu analitik xəttin davamı olaraq, 30 oktyabr 2026-cı il üçün nəzərdə tutulan «Azərbaycanın yeni mərhələsi - milli təhlükəsizlik, yeni ideologiya və qovşaq dövlət modeli» mövzusunda materialda da milli təhlükəsizlik və qovşaq dövlət yanaşmasının ön plana çıxarılması planlaşdırılır.

Bu yazı və təhlilləri birləşdirən əsas ideya Azərbaycanın yalnız tranzit ölkə kimi deyil, müxtəlif geosiyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik istiqamətlərini əlaqələndirə bilən strateji qovşaq dövlət kimi rolunun araşdırılmasıdır.

Cavid İsmayılın üzərində işlədiyi və artıq çap mərhələsinə hazırlanan, təxminən 400 səhifəlik «Məkkədən Xəzərə: Yeni Avrasiya Nizamı Yaranırmı? Aərbaycan – qovşaq dövlət modeli» adlı kitabında da bu məsələlər geniş geosiyasi çərçivədə təhlil olunur. Müəllifin yanaşmasında diqqətçəkən məqamlardan biri Məkkə sazişi ilə Türk dünyasının inteqrasiya xəttini vahid geosiyasi mənzərədə nəzərdən keçirməsi və Azərbaycanın rolunu «strateji qovşaq dövlət» anlayışı ilə izah etməsidir.

Cavid İsmayılla müsahibəmizdə Məkkə sazişinin regional əhəmiyyətini, Türk dünyasının qarşısında açılan yeni imkanları, Azərbaycanın strateji üstünlüklərini və müəllifin irəli sürdüyü qovşaq dövlət konsepsiyasının mahiyyətini müzakirə etdik.

Sual: Cavid müəllim, siz öz Facebook səhifənizdə üzərində işlədiyiniz yeni əsərin artıq yekunlaşdığını və çap mərhələsinə hazırlandığını bildirmisiniz. Oxucular üçün kitab haqqında qısa məlumat verə bilərsinizmi?

Cavab: Bəli. Uzun müddətdir üzərində işlədiyim yeni kitab artıq yekunlaşıb və hazırda çap mərhələsinə hazırlanır. Təxminən 400 səhifəlik bu həcmli əsərdə Azərbaycanın dəyişən geosiyasi mühitdəki rolu, Türk dünyasında baş verən proseslər, yeni təhlükəsizlik arxitekturası və regionlararası əlaqələrin gələcəyi əsas istiqamətlər kimi araşdırılır.

Kitabda xüsusilə Azərbaycanın yalnız tranzit ölkə və ya müxtəlif marşrutların keçdiyi ərazi kimi deyil, strateji qovşaq dövlət kimi formalaşan roluna diqqət yetirmişəm.

Əsərin mühüm istiqamətlərindən biri də 2026-cı il avqustun 7-də Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Birgə Müdafiə Sazişidir. Saziş üç ölkənin kollektiv müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirməyi nəzərdə tutur. Sazişə əsasən, tərəflərdən birinə silahlı hücum digər tərəflərə də hücum kimi qiymətləndirilir. Sonrakı mərhələdə bu əməkdaşlığın institusional mexanizmlərinin yaradılması istiqamətində də addımlar atılıb.

Amma mən bu məsələyə yalnız hərbi və müdafiə sazişi kimi yanaşmıram. Mənim üçün burada daha böyük geosiyasi mənzərə var.

Sual: Deməli, kitabınızda Məkkə sazişinə ənənəvi yanaşmadan fərqli bir baxış ortaya qoyulur?

Cavab: Bəli. Məncə, əsas yenilik də məhz budur. Məkkə sazişinə yalnız Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının münasibətləri çərçivəsində baxmaq kifayət deyil. Bu üç ölkənin yerləşdiyi coğrafiyaya diqqət etdikdə qarşımıza daha böyük bir xəritə çıxır.

Bir tərəfdə Türkiyə, digər tərəfdə Pakistan, Körfəz və Səudiyyə Ərəbistanı var. Bu xəttin qarşısında isə Mərkəzi Asiya və Cənubi Qafqaz yerləşir. Azərbaycanın coğrafi mövqeyi burada xüsusi əhəmiyyət qazanır.

Mənim irəli sürdüyüm yanaşma bundan ibarətdir ki, Azərbaycan bu proseslərə kənardan baxan dövlət deyil. Azərbaycan müxtəlif geosiyasi, nəqliyyat, enerji və siyasi xətlərin kəsişdiyi strateji qovşaq rolunu daha da gücləndirə bilər.

Burada «qovşaq dövlət» anlayışını sadəcə coğrafi mənada işlətmirəm. Söhbət siyasi əlaqələrin, nəqliyyat dəhlizlərinin, enerji marşrutlarının, təhlükəsizlik əməkdaşlığının və Türk dünyasının inteqrasiya proseslərinin bir nöqtədə birləşməsindən gedir.

Sual: Bəs Azərbaycanı bu qovşaq dövlət modelinə gətirən əsas amillər hansılardır?

Cavab: İlk növbədə coğrafiya. Amma yalnız coğrafiya kifayət etmir. Coğrafi mövqe siyasi iradə, iqtisadi imkan və infrastrukturla tamamlananda geosiyasi üstünlüyə çevrilir.

Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşir. Ölkəmiz Xəzər vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə vasitəsilə Avropaya, cənub istiqamətində isə Yaxın Şərqə çıxış imkanlarına malikdir. Orta Dəhlizin inkişafı, enerji layihələri və regional nəqliyyat əlaqələri bu mövqeni daha da əhəmiyyətli edir.

Mənim fikrimcə, növbəti mərhələdə əsas məsələ Azərbaycanın bu imkanlardan necə istifadə etməsidir. Azərbaycan yalnız yükün və enerjinin keçdiyi ərazi olmamalıdır. Keçidin idarə olunduğu, əlaqələrin qurulduğu, müxtəlif istiqamətlərin birləşdiyi strateji mərkəzə çevrilmək əsas məqsəd olmalıdır.

Sual: Məkkə sazişinin Azərbaycan üçün konkret əhəmiyyəti nədən ibarətdir?

Cavab: Burada birbaşa üzvlükdən deyil, geosiyasi tamamlayıcılıqdan danışmaq daha doğrudur. Məkkə xətti Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik əməkdaşlığını yeni institusional mərhələyə çıxarmağa çalışır. Bu əməkdaşlıq müdafiə sənayesi, hərbi imkanların uyğunlaşdırılması və kollektiv çəkindirmə istiqamətlərini də əhatə edir.

Azərbaycan isə Türkiyə ilə strateji müttəfiqdir və eyni zamanda Mərkəzi Asiyanın Türk dövlətləri ilə genişlənən əlaqələrə malikdir. Buna görə Azərbaycanı bu xəttin coğrafi və geosiyasi davamında nəzərdən keçirmək mümkündür.

Mən burada yeni bir xəritə təsəvvür edirəm. Məkkə xətti Türkiyə - Pakistan - Səudiyyə Ərəbistanı istiqamətində formalaşırsa, Türk dünyasının xətti Türkiyə - Azərbaycan - Mərkəzi Asiya istiqamətində inkişaf edir. Azərbaycan bu iki istiqamət arasında əlaqələndirici qovşaq rolunu oynaya bilər.

Məhz mənim kitabımda konseptual şəkildə önə çıxardığım əsas məsələlərdən biri budur.

Sual: Yəni sizin «strateji qovşaq dövlət» anlayışınız Məkkə sazişi ilə Türk dünyasının inteqrasiyasını eyni geosiyasi çərçivədə nəzərdən keçirir?

Cavab: Tam olaraq. Məncə, məsələyə yalnız ayrı-ayrı ölkələrin münasibətləri kimi baxanda böyük mənzərə görünmür. Biz artıq bir-birindən ayrı proseslərə yox, bir-birini tamamlayan geosiyasi xətlərə baxmalıyıq.

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq mexanizmi qurur. Digər tərəfdən Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın Türk dövlətləri ilə əlaqələri daha da genişlənir. Azərbaycan isə Xəzər üzərindən Mərkəzi Asiya ilə, Zəngəzur istiqaməti və Türkiyə üzərindən Qərblə, cənub və digər marşrutlar vasitəsilə fərqli coğrafiyalarla əlaqələnir.

Bu mənzərədə Azərbaycanın əhəmiyyəti yalnız öz milli sərhədləri daxilindəki potensialla ölçülmür. Azərbaycan müxtəlif geosiyasi məkanları bir-birinə bağlayan dövlət kimi çıxış edə bilər.

Sual: Siz bu yanaşmanın kitabınızda konseptual yenilik olduğunu vurğulayırsınız. Burada ilk dəfə irəli sürdüyünüz əsas fikir nədən ibarətdir?

Cavab: Mənim yanaşmamın əsas xüsusiyyəti Məkkə sazişini, Türk dünyasının inteqrasiya xəttini və Azərbaycanın strateji mövqeyini ayrı-ayrı mövzular kimi deyil, vahid geosiyasi modelin qarşılıqlı əlaqəli hissələri kimi nəzərdən keçirməyimdir.

Əlbəttə, Azərbaycanın tranzit imkanları, Türk dünyası ilə əlaqələri və regional əhəmiyyəti haqqında müxtəlif təhlillər mövcuddur. Mənim burada önə çıxardığım məsələ bu istiqamətləri vahid konsepsiyada birləşdirməkdir.

Bir tərəfdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik əməkdaşlığını ifadə edən Məkkə xətti, digər tərəfdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında inteqrasiyanı ifadə edən Türk dünyası xətti dayanır. Bu iki istiqamətin əlaqələndirici məkanında Azərbaycanın potensialı xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, Məkkə xətti + Türk dünyasının inteqrasiya xətti + Azərbaycanın strateji qovşaq dövlət modeli vahid analitik çərçivədə təqdim olunur. Mənim məqsədim bu yanaşmanın imkanlarını və Azərbaycanın qarşısında aça biləcəyi strateji perspektivləri müzakirəyə çıxarmaqdır.

Sual: Sizcə, bu yanaşma Azərbaycanın xarici siyasətində hansı yeni baxışı formalaşdırır?

Cavab: Əsas dəyişiklik ondan ibarətdir ki, Azərbaycan özünü yalnız «tranzit ölkə» kimi təqdim etməməlidir. Tranzit ölkə başqalarının yaratdığı marşrutların üzərində yerləşən ölkədir. Qovşaq dövlət isə marşrutların, iqtisadi əlaqələrin, siyasi münasibətlərin və strateji qərarların kəsişdiyi mərkəzdir.

Bu iki anlayış arasında prinsipial fərq var.

Azərbaycanın qarşısında duran məsələ coğrafi üstünlüyü siyasi və iqtisadi gücə çevirməkdir. Bunun üçün nəqliyyat infrastrukturu, enerji layihələri, logistika, rəqəmsal bağlantılar, müdafiə sənayesi və diplomatik əlaqələr vahid strateji yanaşma daxilində nəzərdən keçirilməlidir.

Sual: Qovşaq dövlət modelinin reallaşması üçün hansı istiqamətlər xüsusi əhəmiyyət daşıyır?

Cavab: İlk növbədə nəqliyyat və logistika imkanlarının inkişafı vacibdir. Orta Dəhliz və Xəzər üzərindən əlaqələr Azərbaycanın Şərqlə Qərb arasında rolunu gücləndirə bilər. Lakin məsələ yalnız yolların və yükdaşımaların sayını artırmaqdan ibarət deyil. Əsas məsələ bu imkanları uzunmüddətli iqtisadi və siyasi üstünlüyə çevirməkdir.

İkinci mühüm istiqamət enerji əməkdaşlığıdır. Azərbaycanın enerji infrastrukturu və regional əlaqələri ölkənin strateji əhəmiyyətini artıran amillərdəndir. Üçüncü istiqamət isə rəqəmsal bağlantılar, sənaye əməkdaşlığı və təhlükəsizlik sahəsində koordinasiyadır.

Bütün bunlarla yanaşı, diplomatiyanın rolu da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan müxtəlif tərəfdaşlarla əlaqələrini inkişaf etdirərək regionlar arasında əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

Yəni qovşaq dövlət olmaq sadəcə coğrafi üstünlüyə sahib olmaq deyil. Bu üstünlüyü infrastruktur, iqtisadiyyat, diplomatiya və təhlükəsizlik imkanları ilə möhkəmləndirməkdir.

Sual: Son olaraq, kitabınızın oxucuya vermək istədiyi əsas mesaj nədir?

Cavab: Mənim əsas mesajım budur ki, dünya yeni geosiyasi mərhələyə daxil olur. Köhnə ittifaqlar və əlaqələr öz yerində qalmaqla yanaşı, yeni regional əməkdaşlıq formatları da meydana çıxır. Məkkə sazişi bu baxımdan diqqətçəkən nümunələrdən biridir.

Azərbaycan isə bu dəyişikliklərin yalnız müşahidəçisi olmamalıdır. Ölkəmizin coğrafi mövqeyi, enerji imkanları, nəqliyyat layihələri, Türkiyə ilə münasibətləri və Türk dünyası ilə əlaqələri ona daha geniş strateji rol üçün imkan yaradır.

Mənim kitabda irəli sürdüyüm «strateji qovşaq dövlət» konsepsiyasının əsas mahiyyəti də budur. Azərbaycan yalnız yolların üzərində yerləşən ölkə deyil, yolların bir-biri ilə kəsişdiyi, müxtəlif geosiyasi istiqamətlərin əlaqələndiyi və yeni əməkdaşlıq modellərinin formalaşa biləcəyi strateji mərkəzə çevrilmək potensialına malik dövlətdir.

Hesab edirəm ki, Azərbaycanın gələcək geosiyasi rolunu müzakirə edərkən məhz bu yanaşma üzərində daha ciddi düşünmək lazımdır. Mənim üçün əsas məsələ Azərbaycanın mövcud üstünlüklərini sadalamaqdan daha çox, həmin üstünlüklərin gələcək strateji imkanlara necə çevrilə biləcəyini göstərməkdir.

Müsahibə: Cavid müəllim, maraqlı və aktual mövzulara aydınlıq gətirdiyiniz, Azərbaycanın gələcək geosiyasi mövqeyi ilə bağlı yanaşmanızı oxucularımızla bölüşdüyünüz üçün sizə təşəkkür edirik.

Cavid İsmayıl: Mən də təşəkkür edirəm. Düşünürəm ki, Azərbaycanın geosiyasi gələcəyi, Türk dünyasının inteqrasiyası və regional təhlükəsizlik məsələləri haqqında açıq və əsaslandırılmış müzakirələrin aparılması vacibdir. Ümid edirəm ki, kitabım bu mövzular ətrafında yeni sualların ortaya çıxmasına, fərqli yanaşmaların müzakirəsinə və Azərbaycanın strateji imkanlarının daha dərindən dərk olunmasına töhfə verəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑