"Fransada baş verən iğtişaşların xarakteri də diqqət çəkir. Bu etirazlar təkcə müəyyən bir qərara və ya sosial məsələyə qarşı narazılıqdan ibarət deyil. Burada sosial-iqtisadi problemlər, həyat şəraitinin bahalaşması, dövlət siyasətindən narazılıq, sosial ədalətsizlik hissi və cəmiyyətin müəyyən təbəqələrinin özünü siyasi qərarvermə prosesindən kənarda hiss etməsi kimi amillər bunun bariz göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

O, bildirib ki, etirazlarda zorakılıq hallarının geniş xarakter alması, ictimai və dövlət obyektlərinin dağıdılması, hüquq-mühafizə orqanları ilə toqquşmaların baş verməsi də ciddi problemdir:
"Dövlətin vəzifəsi həm ictimai asayişi qorumaq, həm də etiraz etmək hüququnu təmin etməkdir. Lakin asayişin qorunması adı altında nümayişçilərə qarşı həddindən artıq və qeyri-mütənasib güc tətbiq edilməsi də qəbuledilməzdir.
Çünki özünü dünyaya demokratiyanın və insan hüquqlarının beşiyi kimi təqdim edən Fransa iğtişaşlar zamanı yaşlı, qadın, uşaq demədən hər kəsə qarşı güc tətbiq edir və insanların aksiyalarını vəhşicəsinə susdurmağa çalışır. Görünən odur ki, söhbət öz maraqlarından və daxili problemlərindən getdikdə, onlar geri çəkilmək əvəzinə istənilən vasitəni tətbiq etməkdən çəkinmirlər.
Fransada baş verənlər, təbii ki, hakimiyyətin zəifliyindən də irəli gəlir. Emmanuel Macron V Respublikanın ən zəif hökumət başçılarından birinə çevrilib. Onun dövründə demək olar ki, Fransa bütün təsir dairələrində öz gücünü itirib.
Belə vəziyyətlər antidemokratik cəmiyyətlərdə mümkün olur. Əhalinin istəklərini dinləyəcək nüfuzlu bir şəxs ortaya çıxa bilmir. Hökumət əhali ilə dialoqa daxil ola bilmir. Bütün bunlar isə hökumətlə cəmiyyət arasında zəif kommunikasiyanın nəticəsidir.
Hesab edirəm ki, hakimiyyət cəmiyyətin narazılığının səbəblərini dinləməli, dialoq qurmalı və problemlərin siyasi yollarla həllinə çalışmalıdır. Əks halda, sosial narazılıq daha da dərinləşə və küçə etirazları siyasi böhrana gətirə bilər".




