Siyasət · SİA

Bakı beynəlxalq dialoqun və mədəniyyətlərarası əməkdaşlığın mərkəzi kimi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı beynəlxalq dialoqun və mədəniyyətlərarası əməkdaşlığın mərkəzi kimi xəbəri üçün şəkil

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətinə, Azərbaycanın multikulturalizm ənənələrinə, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, regional sülh və təhlükəsizlik məsələlərinə dair mühüm fikirlər səsləndirib. Dövlətimizin başçısının çıxışı Azərbaycanın qlobal dialoqun təşviqində, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində oynadığı mühüm rolu bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayıb. Ölkəmiz əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı, qarşılıqlı hörmət və tolerantlıq ənənələrinin qorunub saxlandığı məkan kimi tanınıb. Bu gün də Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Milli və dini müxtəlifliyin qorunması, bütün vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanın multikulturalizm modeli cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsinə və ölkənin davamlı inkişafına xidmət edir.
Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi müasir dünyada xüsusi əhəmiyyət daşıyır. Müxtəlif regionlarda baş verən münaqişələr, dini və etnik zəmində qarşıdurmalar, ayrı-seçkilik halları xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsini zəruri edir. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq dialoqa verdiyi töhfə mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində keçirilən beynəlxalq tədbirlər müxtəlif ölkələrin nümayəndələrinə aktual problemləri müzakirə etmək, ortaq yanaşmalar müəyyənləşdirmək və əməkdaşlıq imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradır.
Dövlətimizin başçısının çıxışında milli birlik və azərbaycançılıq ideologiyasının əhəmiyyəti də xüsusi diqqət çəkir. Azərbaycan xalqının müxtəlif etnik və dini qrupları vahid dövlətçilik ideyası ətrafında birləşir. Azərbaycançılıq ideologiyası milli həmrəyliyin gücləndirilməsinə, dövlət müstəqilliyinin qorunmasına və cəmiyyətin bütövlüyünün təmin edilməsinə xidmət edir. Xüsusilə Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik milli birliyin gücünü bütün dünyaya göstərib. Bu həmrəylik Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında mühüm rol oynayıb.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsi də mühüm yer tutur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu tarixi nailiyyətlər Azərbaycan xalqının iradəsinin, dövlətimizin qətiyyətli siyasətinin və ordumuzun gücünün nəticəsidir. Azərbaycanın təcrübəsi beynəlxalq hüququn prinsiplərinin, dövlətlərin ərazi bütövlüyünə hörmətin və suverenlik hüququnun qorunmasının əhəmiyyətini bir daha ortaya qoyur.
Azərbaycan beynəlxalq münasibətlərdə ədalət və bərabərlik prinsiplərinin təmin olunmasını vacib hesab edir. Dövlətimizin başçısı müxtəlif məsələlərə münasibətdə ikili standartların tətbiq edilməsinin beynəlxalq əməkdaşlığa və dövlətlər arasında etimada mənfi təsir göstərdiyini dəfələrlə vurğulayıb. Beynəlxalq hüquq normalarının bütün dövlətlərə eyni qaydada tətbiq olunması, ölkələrin suverenliyinə hörmətlə yanaşılması və münaqişələrin ədalətli həlli beynəlxalq sabitliyin əsas şərtləridir. Azərbaycanın müstəqil xarici siyasəti də məhz milli maraqların qorunmasına, qarşılıqlı faydalı əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa əsaslanır.
Forumda diqqət yetirilən mühüm məsələlərdən biri də regionda sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan münaqişədən sonrakı dövrdə regionda davamlı sülhün bərqərar olması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində təşəbbüslər irəli sürür. Cənubi Qafqazda sülhün təmin olunması region dövlətləri üçün yeni iqtisadi və nəqliyyat imkanları yarada, xalqlar arasında münasibətlərin normallaşmasına şərait formalaşdıra bilər. Azərbaycanın sülh siyasəti regionun gələcək inkişafına və təhlükəsizliyinə xidmət edir.
Ölkəmizin beynəlxalq nüfuzunun artması onun həyata keçirdiyi müstəqil və prinsipial xarici siyasətlə sıx bağlıdır. Azərbaycan müxtəlif dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirir, beynəlxalq təşkilatlarla münasibətlərini inkişaf etdirir və qlobal problemlərin həllində fəal iştirak edir. Enerji təhlükəsizliyi, nəqliyyat və logistika, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən əsas istiqamətlərdəndir. Bakıda keçirilən beynəlxalq forumlar isə ölkəmizin qlobal dialoqun və əməkdaşlığın inkişafına verdiyi töhfəni daha da artırır.
Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın multikulturalizm ənənələrinə, milli birliyinə, müstəqil xarici siyasətinə və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirib. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, sülhün, sabitliyin və davamlı inkişafın təmin olunması üçün dövlətlər arasında qarşılıqlı hörmət, etimad və ədalət prinsipləri əsas götürülməlidir. Azərbaycan öz tarixi təcrübəsi və həyata keçirdiyi təşəbbüslərlə mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdə davam edir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq nüfuzunun, tolerantlıq ənənələrinin və ortaq gələcək naminə əməkdaşlıq əzminin növbəti təzahürü kimi yadda qalıb.

Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑