Siyasət · SİA

Azərbaycan qlobal dialoq və regional əməkdaşlığın fəal aktorudur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan qlobal dialoq və regional əməkdaşlığın fəal aktorudur xəbəri üçün şəkil

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq humanitar platforma kimi mövqeyini möhkəmləndirməklə yanaşı, multikulturalizm və sülh ideyalarının təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumun açılışında da Azərbaycanın tarixi təcrübəsini, müstəqil inkişaf yolunu və beynəlxalq münasibətlərə yanaşmasını mədəniyyətlərarası dialoq kontekstində təqdim etdi.

Bu gün dünyada mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə, siyasi sabitliyə və xalqlar arasında etimadın formalaşmasına birbaşa təsir göstərir. Azərbaycanın ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu məhz bu baxımdan əhəmiyyətli platformadır.
Forumun 100-dən artıq ölkədən 500-dən çox qonağı, ümumilikdə isə 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirməsi tədbirin beynəlxalq əhatəsini nümayiş etdirir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu platformanın 15 il ərzində davamlı şəkildə inkişafı mədəniyyətlərarası münasibətlərin müzakirəsinin zəruriliyinin göstəricisidir. Görünən budur ki, forumun çoxtərəfli əməkdaşlıq imkanları genişlənməkdədir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, tarixi və mədəni xüsusiyyətlərinin beynəlxalq dialoq üçün yaratdığı imkanlar idi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılaşdığı məkan olub. Tarixən müxtəlif mədəniyyətlərin təmas məkanı olmaq ölkəmizə fərqli ənənələri və dialoq mühitini inkişaf etdirmək imkanı verib. Cənab Prezidentin çıxışında “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır” fikri milli kimliyin strateji əhəmiyyətini bir daha ön plana çıxardı.
Azərbaycançılıq ideologiyası müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından, milli həmrəyliyimizi təmin edən mühüm mənəvi-siyasi amillərdən biridir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu ideologiya xalqımızın tarixi köklərini, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müasir inkişaf hədəflərini vahid məfkurə ətrafında birləşdirir. Dövlət başçımızın da söylədiyi kimi, bu gün Azərbaycan cəmiyyətində milli ideologiya ətrafında sıx birlik dövlətimizin güc mənbələrindən biridir.
Prezident İlham Əliyevin çıxışında mədəniyyətlərarası dialoqla beynəlxalq hüquq arasında əlaqəyə xüsusi diqqət çəkilir. Azərbaycanın münaqişənin dinc yolla həlli üçün uzun müddət danışıqlarda iştirak etdiyi, nəticə əldə olunmadıqdan sonra isə özünümüdafiə hüququna əsaslandığı bildirildi: “Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz ədaləti bərpa etdik”.
Dövlət başçısının beynəlxalq təşkilatların qərarlarının icra mexanizmi məsələsini ön plana çəkməsi isə təsadüfi deyil. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, beynəlxalq hüquq yalnız prinsiplər və sənədlər səviyyəsində qalmamalı, real nəticələr verməlidir. Forumun mahiyyəti də göstərir ki, hüquqi və siyasi mübahisələrin davamlı həlli üçün dialoqun qorunması, qarşılıqlı anlaşmanın təşviqi və gələcək münaqişələrin qarşısının alınması da eyni dərəcədə əhəmiyyətlidir. Yəni, dialoq sülhün möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır.
Forumda diqqət çəkən digər mühüm istiqamət Azərbaycanın müharibədən sonrakı mərhələdə sülhün qurulmasına dair yanaşmasıdır. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh təşəbbüsünü irəli sürdüyünü vurğulayaraq müharibənin dayandırılmasının və gələcək qarşıdurmaların qarşısının alınmasının əhəmiyyətinə də toxundu. Dövlət başçımızın “Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir” tezisi münaqişələrə son qoymağın siyasi iradə, diplomatik səylər və uzunmüddətli sülh mexanizmləri tələb etdiyini təsdiqləyir.
Forumda həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, müxtəlif dövlətlərlə strateji tərəfdaşlığı və regional bağlantılarda iştirakına da diqqət çəkildi. Dünyanın 2 supergücü - Çin və ABŞ ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, Avropa İttifaqına üzv dövlətlərlə münasibətlər, AQEM-də sədrlik və Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çoxşaxəli xarici siyasətin göstəricisi kimi qəbul olunur.
Yeri gəlmişkən, forumda BMT-nin Sivilizasiyalar Alyansı, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, UNESCO və digər beynəlxalq qurumların nümayəndələrinin çıxışlarında da “Bakı Prosesi”nin strateji əhəmiyyəti xüsusi vurğulandı. Parçalanan dünyada körpülərin qurulmasının əhəmiyyətinə diqqət çəkən forum iştirakçıları da hesab edir ki, fərqli mədəniyyətlərə, dinlərə və siyasi baxışlara malik cəmiyyətlər arasında anlaşmanın qorunması davamlı səy tələb edir. Bu məqsədə isə əməkdaşlıq və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə nail olmaq mümkündür.

Nigar Məmmədova
Milli Məclisin deputatı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑