BAKI, 28 oktyabr. TELEQRAF
“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, həm də təmsil etdikləri dəyərlər və beynəlxalq əməkdaşlığa verdikləri real töhfələrlə müəyyən olunur. Bu baxımdan Azərbaycanın İslam dünyası ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd, oktyabrın 27-də isə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşləri bu əlaqələrin mövcud səviyyəsini və strateji istiqamətlərini bir daha nümayiş etdirdi. Görüşlərin Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi günlərə təsadüf etməsi də simvolikdir: Azərbaycanın siyasətində İslam həmrəyliyi ilə sivilizasiyalararası dialoq bir-birini tamamlayır”.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, bu siyasətin kökləri dərindir: "Azərbaycan 1991-ci il dekabrın 8-də İƏT-ə tamhüquqlu üzv qəbul edilərək keçmiş sovet respublikaları arasında bu quruma qoşulan ilk dövlət oldu. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Kasablankada keçirilən Zirvə görüşündə iştirakı ilə İslam dünyası ilə əlaqələr sistemli xarici siyasət xəttinə çevrildi. Sonrakı illərdə ölkəmiz İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasına ev sahibliyi etdi, İƏT Gənclər Forumunun yaradılmasının təşəbbüskarı oldu, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edərək IV İslam Həmrəyliyi Oyunlarını keçirdi".
Deputat bildirib ki, İƏT-in Baş katibi ilə görüşdə dezinformasiyaya qarşı birgə mübarizə və media sahəsində əməkdaşlığın müzakirəsi xüsusi önəm daşıdı: "Yanlış məlumatların yayılması, dini və milli zəmində ayrı-seçkiliyin təşviqi beynəlxalq sabitlik üçün risklər yaradır. Bu səbəbdən media savadlılığı və rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlıq gələcəkdə İƏT-in fəaliyyətində daha mühüm yer tuta bilər.
ICESCO-nun Baş direktoru isə Azərbaycanın təşkilata davamlı dəstəyini və könüllü maliyyə töhfələrini, xüsusilə müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələri yüksək qiymətləndirib. 2025-ci il dekabrın 8-də Bakıda “İslam dünyası üçün süni intellekt indeksinin təqdimatı” mövzusunda beynəlxalq konfransın keçirilməsi bu əməkdaşlığın gələcəyə istiqamətləndiyini göstərir".
"Bu fəaliyyətdə Heydər Əliyev Fondunun xüsusi yeri var. Baş direktorun Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətini ayrıca vurğulaması təsadüfi deyil. Həmin konfrans çərçivəsində Fond ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş layihə üzrə saziş imzalanıb. Fondun Vatikanda xristian irsinin bərpası üzrə layihələri isə göstərir ki, Azərbaycan üçün İslam həmrəyliyi ilə dinlərarası dialoq bir-birinə alternativ deyil” – deyən millət vəkili əlavə edib ki, İslam irsinin qorunması da dövlət siyasətinin mühüm istiqamətidir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə Ağdam Cümə məscidinin, Şuşada Çöl Qala və Mamayı məscidlərinin bərpası milli yaddaşın qorunmasına xidmət edir: "Bakının 2009-cu, Naxçıvanın 2018-ci, Şuşanın isə 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi bu irsin beynəlxalq səviyyədə tanınmasının ifadəsidir".

Sevinc Fətəliyevanın fikrincə, görüşləri Azərbaycanın 2027-ci ildə İƏT-in XVI Zirvə görüşünə ev sahibliyi edəcəyi və təşkilata sədrlik edəcəyi kontekstdən ayrı qiymətləndirmək olmaz: "Qarşıdakı sədrlik təhsildə bərabər imkanlar, qadınların və gənclərin iştirakı, elm və innovasiya, islamofobiya ilə mübarizə, informasiya təhlükəsizliyi və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə daha geniş gündəliyin təşviqi üçün yeni imkanlar yaradır".
“Nəticə etibarilə, Azərbaycanın İslam dünyası ilə münasibətlərinin mahiyyətini yalnız tarixi və dini yaxınlıq deyil, bu yaxınlığın konkret siyasi, mədəni və humanitar əməkdaşlığa çevrilməsi müəyyən edir. Çünki müasir dünyada həmrəyliyin əsl dəyəri təkcə bəyan edilən prinsiplərlə deyil, həmin prinsiplərin insanların həyatında yaratdığı müsbət dəyişikliklərlə ölçülür” – deyə, deputat vurğulayıb.

.jpg)


