Siyasət · SİA

Azərbaycan Mərkəzi Asiya ilə digər regionlar arasında möhkəm və etibarlı körpü yaradır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Mərkəzi Asiya ilə digər regionlar arasında möhkəm və etibarlı körpü yaradır xəbəri üçün şəkil

Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşünün keçirilməsi Avrasiya regionunun mühüm bir coğrafiyasında yerləşən dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat və logistika sahəsində əlaqələrin güclənməsinin mühüm göstəricisi kimi səciyyələndirilə bilər.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü olmasından sonra altıtərəfli formatda bu tədbirin keçirilməsi bölgədə əməkdaşlığın, sülhün və sabitliyin möhkəmləndirilməsi üçün yeni, əhəmiyyətli imkanlar açır. Bu, həm də Cənubi Qafqaz-Mərkəzi Asiya arasında inteqrasiyanın vahid məkanda formalaşması yönündə münbit və sağlam mühitin qurulduğunu təsdiqləyir.
Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olması ilə bağlı tarixi qərarın gerçəkləşməsində də Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüskarlığı mühüm rol oynayıb. Bu, Türkmənistanın Azərbaycana olan möhkəm dostluq və qardaşlıq münasibətinin nümunəsidir.
Məşvərət Görüşündə çıxış edən Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, ötən ildən bəri Türkmənistandan ölkəmizə artıq beş yüksəksəviyyəli səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyi əks etdirir. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyini əsirgəməyən Türkmənistanın Füzuli şəhərində məscid tikintisi əvəzolunmaz hədiyyə və xalqlarımız arasındakı mənəvi yaxınlığın daha bir təzahürüdür.
Prezident İlham Əliyevin Prezidenti Sərdar Berdiməhəmmədovla görüşündə də qeyd edildiyi kimi, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri son illərdə dinamik şəkildə inkişaf edərək siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində genişlənib.
Siyasi və diplomatik əməkdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər, sülh, sabitlik və təhlükəsizlik, ticarət-iqtisadi əlaqələrin inkişafında yeni gündəlik müəyyənləşdirən “C6” formatı ambisiyalı hədəflərinə doğru irəliləyir. Ölkələr arasında siyasi dialoqun möhkəmlənməsi daha çox nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Cənab Prezidentin xatırlatdığı kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm xarakter alması təmasları daha da bərkidir.
“C6” formatında siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir, iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi durmadan artır, 2025-ci il əmtəə mübadiləsi 50 faizdən çox artıb.
Tərəflər arasında sərmayə təşviqləri də öz mühüm bəhrəsini verir və qarşılıqlı olaraq investisiya təsisatları fəaliyyətini artırır. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı olan 400-dən çox şirkət aktiv fəaliyyət göstərir ki, bu, əlverişli və sağlam sərmayə iqliminin göstəricisidir.
Azərbaycanla Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış investisiya fondları böyük həcmli kapital təsisatları olaraq yeni istehsal sahələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsində dayanıqlı maliyyə mənbəyidir. Həmin qurumların gələcəkdə resurs imkanlarının daha da artırılması və strateji sektorlara yatırımlarını səfərbər etməsi ikitərəfli və regional layihələrin reallaşmasına səbəb olmaqla, Azərbaycan-Mərkəzi Asiya müştərək investisiya xəritəsini də formalaşdırır.
Regionun ortaq coğrafi üstünlüyü, həmçinin birgə istehsal və emal bloklarının qurulması, rəqabətqabiliyyətli sənaye zonalarının yaradılması sayəsində qarşılıqlı ticarətin dövriyyələrini genişləndirməklə, “C6” formatında xarici bazarlara yeni brendlərin çıxışını mümkün edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təklif etdiyi “altı iqtisadiyyat – bir məhsul” formulunun reallaşmasında heç bir maneə yoxdur.
“C6” dövlətlərinin əməkdaşlığında aparıcı və strateji sahələrdən birinə çevrilən nəqliyyat layihələri də yeni geosiyasi şəraitdə şaxələnərək yeni coğrafi landşaftı formalaşdırır. Azərbaycan Xəzər regionunun etibarlı ölkələrindən biri kimi enerji, nəqliyyat əlaqələrin dərinləşməsində qətiyyətli və iradəli qərarlar qəbul edir, bölgənin yeni ticarət qapılarını istifadəyə verir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki imkanlarını genişləndirir. Bunun nəticəsidir ki, daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Ortaq məqsədlərin simvolu olan Orta Dəhliz yeni imkanlar açır. Ötən il tranzit yükdaşımaların həcminin 10 faizdən çox, bu ilin səkkiz ayında isə daha 20 faiz artan bu dəhlizi daha mühüm əhəmiyyət kəsb edir.
Mərkəzi Asiya-Azərbaycan birliyi bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün də yeni potensialları təşviq etməkdədir, Qazaxıstan və Özbəkistanla birlikdə “yaşıl enerji” dəhlizi üzərində işlər, eləcə də “Rəqəmsal İpək Yolu” layihəsi də irəliləyir, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilişi qlobal bazara yeni resursun – internet trafiklərinin dayanıqlılığını təmin edəcək.
Bir sözlə, dövlət başçıları arasında ən yüksək səviyyədə qarşılıqlı anlaşma, etimad şəraitində keçirilən görüş təsdiqlədi ki, “C6” formatının geosiyasi əhəmiyyəti daha da artır, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyin təminatında və davamlı nailiyyətlərin əldə edilməsində möhkəm təməllər yaradır.
Sədrliyin Azərbaycana keçməsi və növbəti Məşvərət Görüşünün 2027-ci ildə ölkəmizdə keçirilməsi isə dövlətlərimiz arasında mövcud olan dostluğa, qardaşlığa və həmrəyliyə yeni təkan və güclü töhfə verəcəkdir.

Ramid Namazov
Milli Məclisin deputatı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑