Media · Sfera.az

Maduro və həyat yoldaşı ilə bağlı yeni ittiham: İşgəncə ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maduro və həyat yoldaşı ilə bağlı yeni ittiham: İşgəncə ediblər xəbəri üçün şəkil

ABŞ-də Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresə qarşı yeni ittiham irəli sürülüb. Onlar işgəncə törətmək məqsədilə sui-qəsddə iştirakda ittiham olunurlar.

Sfera.az xəbər verir ki, Maduro və Flores bundan əvvəl ABŞ-də narkotik qaçaqmalçılığı və odlu silahla bağlı ittihamlarla üzləşmişdilər. Onlar yanvar ayında Karakasdakı iqamətgahlarından ABŞ ordusunun keçirdiyi əməliyyat zamanı saxlanılaraq ölkədən çıxarılmışdılar.

Yeni məhkəmə sənədində bildirilir ki, hər iki şəxs siyasi müxalifəti sıxışdırmaq, fərqli fikirləri susdurmaq və rəqiblərini qorxutmaq məqsədilə “ağır fiziki və psixoloji ağrı və əzab” verməkdə ittiham olunur. ABŞ prokurorlarının iddiasına görə, Venesuelada saxlanılan bəzi şəxslərə elektrik cərəyanı verilib, su ilə boğma üsulundan istifadə olunub və zorakılıq törədilib. İttihamlarda ABŞ vətəndaşlarının da bu halların qurbanı olduğu qeyd edilir.Məhkəmə sənədində 2022-ci ildə baş verdiyi iddia edilən hadisələrdən biri də təsvir olunub. Belə ki, Venesuela hakimiyyəti Maduronu öldürməyə cəhd etməkdə ittiham etdiyi ABŞ vətəndaşına işgəncə verib. İddialara görə, həmin şəxsə qollarına, ayaqlarına və cinsiyyət orqanlarına elektrik cərəyanı verilib, döyülüb, qida və sudan məhrum edilib.

Maduro 2013-2026-cı illərdə prezident olduğu dövrdə insan haqları təşkilatları tərəfindən siyasi rəqiblərinə qarşı repressiyalardan istifadə etməkdə dəfələrlə ittiham olunub.

Maduro özünü “müharibə əsiri” adlandırır

Maduro və Floresin gələn ilin iyununda Nyu-Yorkda məhkəmə qarşısına çıxacağı bildirilir. Hazırda hər ikisi Bruklin həbsxanasında saxlanılır.

ABŞ prokurorları Maduronun dövlət hakimiyyətindən istifadə edərək narkotik qaçaqmalçılığına şərait yaratdığını və narkotik kartelləri ilə əməkdaşlıq edərək tonlarla kokainin ABŞ-a göndərilməsində iştirak etdiyini iddia edir.

Maduro isə ona qarşı irəli sürülən narkotik terrorçuluğu, kokain idxalı və qanunsuz silah saxlama ilə bağlı ittihamları rədd edib. O, özünü “müharibə əsiri” adlandıraraq ABŞ hərbçilərinin onu oğurladığını bildirib.

Flores də ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Yeni məhkəmə sənədinə əsasən, ona əlavə olaraq “narkotik terrorçuluğu” ilə bağlı sui-qəsd ittihamı da irəli sürülüb. Maduro və Flores ABŞ məhkəməsindən ittihamların ləğv edilməsini istəyiblər. Onlar suveren dövlətin prezidenti və birinci xanımı olduqları üçün toxunulmazlığa malik olduqlarını iddia edirlər.

Maduronun saxlanılmasından sonra Venesuelanı vitse-prezident Delsi Rodrigez müvəqqəti lider kimi idarə edir. Ölkədə vəziyyət ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqləri fonunda davam edir.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑