Yəməndə husilərlə beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləyən qüvvələr arasında hərbi qarşıdurmanın kəskinləşməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini yenidən gündəmə gətirib.
Regionda onsuz da davam edən gərginlik fonunda tərəflər arasında döyüşlərin intensivləşməsi münaqişənin ölkə hüdudlarını aşaraq daha geniş coğrafiyaya yayılması ilə bağlı narahatlıqları artırır. Xüsusilə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin hərbi fəallığı, husilərin raket və pilotsuz uçuş aparatlarından istifadə etməsi, eləcə də strateji əhəmiyyətli Bəbəl-Məndəb boğazı ətrafında təhlükəsizlik risklərinin artması vəziyyətin beynəlxalq miqyasda mümkün nəticələrini ön plana çıxarır.
ABŞ-nin İsraildəki səfirliyinin regionda hərbi əməliyyatların genişlənməsi ehtimalı ilə bağlı xəbərdarlıq etməsi də diqqət çəkən məqamlardandır. ABŞ vətəndaşlarına təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə almaq barədə tövsiyələrin verilməsi Vaşinqtonun regiondakı riskləri ciddi qiymətləndirdiyini göstərir.
Bəs Yəməndəki qarşıdurma daha geniş regional müharibəyə çevrilə bilərmi? ABŞ-nin bu xəbərdarlığı hansı təhlükələrdən xəbər verir və münaqişənin digər ölkələrə yayılma ehtimalı nə dərəcədə realdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Yəməndə husilərlə beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləyən qüvvələr arasında döyüşlərin intensivləşməsi artıq ölkədaxili hakimiyyət mübarizəsi çərçivəsini aşaraq daha geniş regional təhlükəsizlik məsələsinə çevrilib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin hücuma keçməsi, husilərin isə raket və pilotsuz uçuş aparatları ilə cavab verməsi münaqişənin yeni mərhələyə daxil olduğunu göstərir:
“Döyüşlərin strateji əhəmiyyət daşıyan Bəbəl-Məndəb boğazı ətrafında cəmləşməsi isə vəziyyətin beynəlxalq miqyasda əhəmiyyətini daha da artırır. ABŞ-nin İsraildəki səfirliyinin təhlükəsizlik xəbərdarlığı regionda artan gərginlik fonunda qiymətləndirilməlidir. Xəbərdarlıqda ABŞ vətəndaşlarına yüksək sayıqlıq göstərmək, uçuşların ləğvi, hava məkanının bağlanması və digər mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə almaq tövsiyə olunub. Sənəddə, həmçinin İran və onunla əlaqəli qrupların Yaxın Şərqdən kənarda da ABŞ maraqları ilə bağlı obyektləri hədəfə ala biləcəyi ehtimalına diqqət çəkilib. Bu xəbərdarlıq özlüyündə ABŞ-nin müharibəyə birbaşa qoşulmaq qərarı verdiyini göstərmir. Əksinə, bu, Vaşinqtonun mümkün cavab zərbələri, diplomatik nümayəndəliklərə qarşı təhdidlər və münaqişənin coğrafi baxımdan genişlənməsi risklərini nəzərə aldığını göstərir”.
Münaqişənin regional müharibəyə çevrilməsi ehtimalından danışan politoloq bir neçə amilin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, ilk növbədə, Səudiyyə Ərəbistanının hərbi əməliyyatlarda fəallaşması diqqət çəkir:
“Riyad husilərin raket və dron hücumlarını öz ərazisi, hava limanları və enerji infrastrukturu üçün təhlükə kimi qiymətləndirir. Oktyabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hava limanına hücumla bağlı yayılan xəbərlər və aviareyslərin dayandırılması münaqişənin mülki infrastruktur və beynəlxalq nəqliyyat üzərində mümkün təsirlərini də gündəmə gətirib. Husilərin İranla əlaqələri qarşıdurmaya daha geniş geosiyasi məzmun verir. Tehranla husilər arasındakı münasibətlər Yəməndəki münaqişənin İran və onun regional rəqibləri arasındakı rəqabətlə əlaqələnməsinə şərait yaradır. Bununla belə, həmin əlaqələri İranın husilərin bütün qərarlarına birbaşa nəzarət etməsi kimi qiymətləndirmək düzgün olmazdı. Regional müharibənin genişlənməsi tərəflərin strateji hesablamalarından və mümkün cavab tədbirlərindən də asılıdır”.
R.Bayramovun sözlərinə görə, digər mühüm amil Bəbəl-Məndəb boğazı ətrafında təhlükəsizliyin pozulmasıdır:
“Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu strateji keçid beynəlxalq ticarət və enerji daşımaları baxımından mühüm əhəmiyyət daşıyır. Burada gəmiçiliyin məhdudlaşması sığorta xərclərinin və daşınma qiymətlərinin artmasına, eləcə də enerji bazarlarında qeyri-müəyyənliyin dərinləşməsinə səbəb ola bilər. Beləliklə, Yəməndəki qarşıdurmanın nəticələri regiondan kənarda da hiss edilə bilər. Bütün bu risklərə baxmayaraq, genişmiqyaslı regional müharibə qaçılmaz deyil. Səudiyyə Ərəbistanı, İran və digər regional aktorların birbaşa qarşıdurmanın mümkün nəticələrini nəzərə alması, diplomatik kanalların açıq saxlanılması və dəniz təhlükəsizliyi ilə bağlı razılaşmaların əldə olunması gərginliyin daha da artmasının qarşısını ala bilər”.
R.Bayramovun qənaətinə görə, ABŞ-nin xəbərdarlığı Yəməndəki döyüşlərin regional təhlükəsizlik sisteminə təsirlərinin artdığını göstərir.
Əsas risklər münaqişənin bir neçə cəbhə üzrə genişlənməsi, Səudiyyə Ərəbistanı ilə İran arasında qarşıdurmanın dərinləşməsi və beynəlxalq gəmiçiliyin təhlükə altında qalmasıdır. Hadisələrin sonrakı gedişatı isə tərəflərin hərbi eskalasiyanı məhdudlaşdırmaq və diplomatik həll imkanlarını qorumaq bacarığından asılı olacaq.
Firuzə Əliyeva
Sfera.az






