Rusiya Ukraynaya hava hücumlarının hədəflərini genişləndirib. Əvvəllər əsasən enerji infrastrukturuna zərbələr endirən Rusiya ordusu indi əvəzlənməsi daha çətin olan və gündəlik həyatda mühüm rol oynayan nəqliyyat infrastrukturunu da hədəfə alır.
Qaynarinfo xəbər verir ki, “Financial Times” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin hərbi komandanlığa müharibə qaydalarının istənilən tələbinə məhəl qoymamaq barədə göstəriş verdiyi ilə bağlı fikirlərini xatırladıb. Bu, müharibədə təşəbbüsü ələ keçirmək məqsədilə mülki obyektlərə hücumların sayının kəskin artmasına səbəb olub. Beynəlxalq hüquqa əsasən, mülki infrastruktura qəsdən hücum etmək hərbi cinayətdir.
Nəşr qeyd edib ki, Kiyevdəki körpülərə endirilən zərbələr paytaxtın Dnepr çayının iki sahili arasındakı azsaylı keçidlərdən asılılığını üzə çıxarıb. Hətta bir körpünün zədələnməsi mülki və hərbi yüklərin daşınmasını poza, həmçinin təcili xidmətlərin hərəkətini çətinləşdirə bilər.
Təxminən 4 milyon əhalisi olan Kiyevdə şəhərin sağ və sol sahillərini birləşdirən cəmi səkkiz körpü var. Onlardan avtomobil sürücüləri, piyadalar, metro və dəmir yolu sərnişinləri, eləcə də ölkənin həyat fəaliyyətini təmin edən yük maşınları və digər nəqliyyat vasitələri istifadə edir.
Körpülərdə hərəkət başqa istiqamətə yönləndirildikdə, paytaxtın şimalında Dnepr üzərindən keçmək üçün növbəti imkan körpü funksiyasını da yerinə yetirən Kiyev su elektrik stansiyasıdır. O, Şimal körpüsündən təxminən 16 kilometr məsafədə yerləşir. Cənub istiqamətində isə ən yaxın keçid Cənub körpüsündən təxminən 130 kilometr aralıda yerləşən Kanev su elektrik stansiyasıdır.
Nəşrin bildirdiyinə görə, Rusiyanın zərbələri nəticəsində körpülərə dəyən ziyan hələlik məhduddur və onların çökməsinə səbəb olmayacaq. Lakin vəziyyət dəyişə bilər.
ABŞ-ın “Acled” təşkilatının analitiki Tatyana Qavyukun sözlərinə görə, körpülərə davamlı və birbaşa hücumlar nəticədə konstruksiyaların bütövlüyünü poza, hərəkətin daha tez-tez və ya daha uzun müddətə dayandırılmasına səbəb ola bilər.
“Belə fasilələr ciddi sosial-iqtisadi nəticələrə gətirib çıxara bilər. Çünki yüz minlərlə insan işə, təhsil müəssisələrinə, tibb müəssisələrinə və gündəlik həyat üçün zəruri olan digər obyektlərə çatmaq üçün körpülərdən istifadə edir”, deyə analitik bildirib.
Bununla əlaqədar nəşr qeyd edib ki, Moskva Ukraynanın məhdud imkanları səbəbindən qarşısını almaqda çətinlik çəkdiyi reaktiv mühərrikli pilotsuz uçuş aparatlarından getdikcə daha çox istifadə edir.
“İndi bu dronlar gecə-gündüz hücum edir, iri müəssisələri, məlumat emalı mərkəzlərini, dəmir yolu infrastrukturunu, tibb müəssisələrini və əhalinin sıx məskunlaşdığı yaşayış məhəllələrini hədəfə alır”, deyə nəşr vurğulayıb.
Aydın



