Bəzi bitki mənşəli qidalardakı faydalı maddələr heyvan mənşəli məhsullarla müqayisədə orqanizm tərəfindən daha çətin mənimsənilir. Buna görə də vegetarian qidalanma bəzi insanlar üçün uyğun olmaya bilər.
Publika.az xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina deyib.
Onun sözlərinə görə, heyvan mənşəli məhsullardakı zülal daha yüksək bioəlçatanlığa malikdir. Zülal orqanizm üçün əsas tikinti materialıdır və əzələlərin, dərinin, saçların, fermentlərin, damarların, oynaqların və immun sisteminin formalaşmasında mühüm rol oynayır.
Diyetoloq bildirib ki, vegetarian qidalanma yetkinlik yaşına çatmayanlar üçün uyğun deyil. Çünki böyüyən orqanizmin mütəmadi olaraq daha çox zülala ehtiyacı var. Zülal çatışmazlığı uşaqların daha tez-tez xəstələnməsinə və normal inkişafının pozulmasına səbəb ola bilər.
Mütəxəssis yaşlı insanları da risk qrupuna daxil edib. Onun sözlərinə görə, yaş artdıqca orqanizmin zülala ehtiyacı artır. Zülal çatışmazlığı sınıq və sarkopeniya – əzələ kütləsinin azalması riskini yüksəldə bilər.
Solomatina reproduktiv yaşda olan qadınlara da diqqətli olmağı tövsiyə edib. O qeyd edib ki, bu qrupda dəmir çatışmazlığı daha çox müşahidə olunur və dəmir ət məhsullarından daha yaxşı mənimsənilir. Dəmir çatışmazlığı anemiyaya, ağır hallarda isə düşük və dölün inkişafında patologiyalara səbəb ola bilər.
Müəllif: Adəm



