ABŞ prezidenti Donald Tramp İranla müharibənin yaxın zamanda başa çatacağını və bundan sonra neft qiymətlərinin kəskin düşəcəyini bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
ABŞ-da keçiriləcək aralıq Konqres seçkiləri öncəsi yanacağın bahalaşması ilə bağlı suala cavab verən Tramp yüksək neft qiymətlərini İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ödənilən “kiçik bir bədəl” adlandırıb.
O bildirib ki, İranın hələ yerinə yetirməli olduğu məsələlər var və buna görə də müharibə tam başa çatmayıb.
“İstəsək, elə indi oradan çəkilə bilərik. Lakin bu, mənim üçün kifayət deyil. Beş, altı, hətta on il sonra da İranın nüvə silahına sahib olmayacağına əmin olmalıyıq”, - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti müharibə başa çatdıqdan sonra neft qiymətlərinin sürətlə aşağı düşəcəyini və bunun hər kəsi məmnun edəcəyini iddia edib.
Müəllif: Roza





