ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında enerji infrastrukturuna qarşı zərbələrin dərhal dayandırılması ilə bağlı təklifi tərəflər arasında şübhələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Financial Express” məlumat yayıb.
Bildirilib ki, Kiyev Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduğunu bildirsə də, bunun üçün Ukraynanın enerji sisteminə qarşı zərbələrin də eyni qaydada dayandırılmasını tələb edir.
Ukrayna rəsmiləri və diplomatları atəşkəsin icrasını təmin edəcək hüquqi sənədlərin və nəzarət mexanizmlərinin olmadığını vurğulayıblar. Moskva isə təkliflə razılaşdığını rəsmən təsdiqləməyib.
Hərbi ekspertlər hesab edirlər ki, beynəlxalq müşahidə və dəqiq yoxlama mexanizmləri olmadan əldə edilən razılaşma kövrək siyasi xarakter daşıyır. Belə ki, qarşılıqlı hüquqi öhdəliklər olmadan enerji atəşkəsi ilk insident zamanı pozula bilər.
Müəllif: Roza



