ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ritorikası yenidən sərtləşir. Oktyabrın əvvəlindən Vaşinqtonla Kiyev arasında münasibətlər nəzərəçarpacaq dərəcədə gərginləşib. Bunun səbəblərindən biri Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdən narazı qalmasıdır.
Publika.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu fonda ABŞ prezidenti müharibə ilə bağlı yenidən faktlarla ziddiyyət təşkil edən, bəzən isə açıq-aşkar gülünc səslənən açıqlamalar verir.
“Krım, şübhəsiz ki, Ukraynanın ən qiymətli hissəsidir. Dörd tərəfdən okeanla əhatə olunub. Məhz belədir”, - Tramp "Newsmax" telekanalına müsahibəsində deyib.
Oktyabrın 20-də isə Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti cəmi bir neçə dəqiqə ərzində Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanması ilə bağlı üç qəribə iddia səsləndirib.
"Pravda.com.ua" bununla bağlı geniş material hazırlayıb və Trampın söylədiyi “axmaq rus generalı”, “ağlasığmaz yağışlar” və “beton magistrallarda sürətlə hərəkət edən tanklar” barədə fikirlərin niyə reallıqla çox az əlaqəsi olduğunu özünəməxsus şəkildə izah edib.
Son 10 ilin rekord yağışları
Tramp: “Ukraynada müharibə başlamazdan əvvəlki gecə son 10 ilin ən güclü yağışları yağmışdı. Torpaq tamamilə suya qərq olmuşdu”.
Əslində isə...
Fakt: Ukrayna Hidrometeorologiya Mərkəzinin arxiv məlumatlarına görə, 2022-ci il fevralın 23-24-də ölkənin əksər ərazilərində hava, əsasən, quru olub. Yalnız Ukraynanın qərb və şimal bölgələrində zəif atmosfer cəbhəsi müşahidə edilib.
Paytaxta hücum kontekstində adı çəkilən Kiyev və Çerniqov vilayətlərində isə həmin günlərdə çiskinli yağış qeydə alınıb, yağıntının miqdarı minimum səviyyədə olub.

Bundan əlavə, Boris Sreznevski adına Mərkəzi Geofizika Rəsədxanasının məlumatlarına əsasən, 2022-ci ilin fevralında Kiyevdə və Çerniqov vilayətində hava göstəriciləri əvvəlki illərin orta statistik göstəricilərindən, demək olar ki, kənara çıxmayıb.
Kiyev vilayətində ən çox yağıntı fevralın 12-də, yəni Rusiyanın genişmiqyaslı işğalından təxminən iki həftə əvvəl düşüb. Bu da aylıq orta göstəricilərə əhəmiyyətli təsir göstərməyib.
Beləliklə, həmin il nə “yağış apokalipsisi”, nə də, “qar armageddonu” yaşanıb.
“Tanklar və beton magistrallar”: Trampın sürət hesabı da yanlışdır
Tramp deyib: “Onların (Rusiyanın - red.) beton magistral yolla hərəkət edən min tankı var idi. Maksimum sürətlə getsəydilər, dörd saat ərzində Ukraynada olardılar. Dəqiq desək, onların sürəti saatda 48 mil idi. Qarşılarını heç nə ala bilməzdi”.
Fakt: "Maxar Technologies" şirkətinin yaydığı peyk görüntülərində Rusiyaya məxsus hərbi texnika karvanının Ukraynanın şimalında, Kiyevin şimalındakı Qostomel yaxınlığında yerləşən “Antonov” hava limanından başlayaraq yol boyunca təxminən 64 kilometr uzandığı görünürdü.

İlk baxışda bu mənzərə Trampın sözlərini təsdiqləyirmiş kimi görünə bilər. Lakin mühüm bir detal var: görüntülər 2022-ci ilin mart ayının əvvəlində çəkilib. Rusiya zirehli texnikasının bu qədər çətin vəziyyətə düşməsinin səbəbi yalnız hansısa generalın səhv qərarları deyildi. Əsas rol oynayan başqa amillər də var idi.
80-ci briqadanın hərbçilərinin ifadələrinə görə, Rusiya texnikası karvanının palçığa batmasının səbəblərindən biri Ukrayna Silahlı Qüvvələrinin İvankov yaxınlığında, Teterov çayı üzərindəki körpünü partlatması olub.
Rusiya ordusu ponton körpülər qurmaq üçün xeyli vaxt itirib. Karvan yenidən asfalt yola çıxdıqdan sonra isə Kiyevə doğru hərəkəti zamanı sistemli şəkildə artilleriya atəşinə, tank əleyhinə idarə olunan raket komplekslərinin, o cümlədən məşhur “Javelin”lərin zərbələrinə və “Molotov kokteylləri”nə məruz qalıb.
Beləliklə, “beton magistrala” çıxmaq rus qoşunlarının qarşısına qoyulan vəzifəni həll etməyib, əksinə, onların irəliləməsini daha da çətinləşdirib.
Trampın iddiasında başqa bir uyğunsuzluq da var. Rusiyanın hərbi texnika istehsalçıları və texniki göstəricilərinə dair açıq mənbələrdə verilən məlumatlara əsasən, hücumda istifadə olunan T-62, T-72, T-80 və T-90 tanklarının maksimal sürəti saatda 65-70 kilometr təşkil edir.
Bu göstərici ilk baxışda Trampın dediyindən çox fərqlənməsə də, ABŞ prezidentinin dəqiqliklə vurğuladığı saatda 48 mil təxminən 77 kilometrə bərabərdir. Deməli, bu məsələdə də onun səsləndirdiyi rəqəm reallıqla üst-üstə düşmür.
“Axmaq rus generalı”: ABŞ prezidenti kimin haqqında danışır?
Trampdan sitat: “Və bu çox axmaq rus generalı - onun kim olduğunu heç bilmirəm, şübhə edirəm ki, o, hələ də bizimlədir, hətta sağ olduğuna da şübhə edirəm - sağa, əkin sahələrinə dönmək, sonra sola dönərək Kiyevə doğru hərəkət etmək qərarına gəldi”.
Faktlarla tutuşdurma:
ABŞ prezidenti “axmaq general”ın konkret adını çəkməsə də, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk mərhələsində Kiyevə hücuma iki yüksək rütbəli rusiyalı komandir rəhbərlik edirdi. Bunlar Sumı və Çerniqov istiqamətindən, Dnepr çayının sol sahili boyunca irəliləyən qüvvələrə cavabdeh Aleksandr Lapin və Belarus ərazisindən, Çernobıl zonası vasitəsilə hücuma rəhbərlik edən Aleksandr Çayko idi. Çayko sonradan Buçada törədilmiş cinayətlərlə bağlı qiyabi məhkum edilib.
Trampın iddialarına baxmayaraq, Kiyevi ələ keçirmək cəhdinin uğursuzluğundan sonra hər iki general Rusiya ordusunda rəhbər vəzifələrdə qalıb.
Sumı və Çerniqov vilayətlərindən geri çəkilmədən sonra Lapin Rusiya Quru Qoşunlarının Baş Qərargah rəisi və baş komandanın birinci müavini vəzifəsinə təyin edilib, daha sonra isə “Şimal” qoşun qruplaşmasına rəhbərlik edib.
O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uğurlu müdaxiləsi zamanı Kursk vilayətinə cavabdeh olması ilə də gündəmə gəlib. 2025-ci ildə hərbi xidmətdən ayrılan Lapinin Tatarıstanın vitse-premyeri olacağı bildirilir.
Trampın təsvir etdiyi hadisələrin təfərrüatı nəzərə alınarsa, generallardan “axmaq” adlandırılmağa daha çox uyğun gələn namizəd Aleksandr Çayko ola bilər. Kiyev istiqamətində ilişib qalan və qoşunları yenidən Belarusa çıxarmaq məcburiyyətində qalan məhz onun rəhbərlik etdiyi qüvvələr idi.
Bununla belə, Çayko da sağdır. Üstəlik, onun hərbi fəaliyyəti Kremldə müsbət qiymətləndirilib. Hazırda o, Rusiyanın Aerokosmik Qüvvələrinə rəhbərlik edir. Həmin qüvvələr Rusiyanın Ukraynaya qarşı demək olar ki, hər gün həyata keçirdiyi hava hücumlarında iştirak edir.
Məqalə müəlliflərinin araşdırmaya söz ardı: "Məsələni elə Krımın sahillərini yuyan okeanlar haqqındakı həmin bəyanatla da bitirmək olardı, amma hər halda dünyanın siyasi xəritəsi və coğrafiya dərsliyi Donald Alfredoviçin güclü tərəfi deyil. Gəlin bunu tərcümə qüsurlarının üzərinə ataq (yox, fikrimi dəyişdim, atmayaq)."
Hazırladı: Adəm Abbaslı




