Cənubi Koreya hökuməti elit idmançılar üçün uzun illərdir tətbiq olunan hərbi xidmət güzəştləri sisteminə yenidən baxmağa hazırlaşır. Qərarın Asiya Oyunlarından sonra yaranan ictimai narazılıq fonunda gündəmə gəldiyi bildirilir.
Publika.az xəbər verir ki, Mədəniyyət, İdman və Turizm naziri Çoy Hvi Yonq Milli Assambleyanın komitə iclasında sistemin artıq əvvəlki kimi geniş şəkildə tətbiq olunmasının mümkün olmadığını bildirib. Onun sözlərinə görə, 50 ildən çoxdur qüvvədə olan qaydaların yenidən nəzərdən keçirilməsi zəruridir.
Nazir qeyd edib ki, sistemin istedadlı idmançıların və sənətçilərin bacarıqlarını qoruyub inkişaf etdirməsinə kömək etdiyi doğrudur. Lakin cəmiyyətdə ədalət anlayışının və hərbi xidmətə münasibətin dəyişdiyini vurğulayan Çoy güzəştlərin məhdudlaşdırılmasının qaçılmaz ola biləcəyini deyib.
Müzakirələrə Asiya Oyunlarında Cənubi Koreya millisinin Yaponiyanı məğlub etməsindən sonra baş verən hadisələr də təsir edib. Komandanın kapitanı Li Ki Hyokun qızıl medalla “hərbi xidmətə getməyəcəyini” söylədiyi görüntülər sosial şəbəkələrdə yayılıb və ciddi tənqidlərə səbəb olub. Futbolçu daha sonra davranışına görə üzr istəyib. Nazir isə onun açıqlamasını “tamamilə yetkinlikdən uzaq” adlandırıb.
Cənubi Koreyada kişilər üçün hərbi xidmət məcburidir və onlar 28 yaşına çatmadan əvvəl, adətən, 18-21 ay müddətində xidmət keçirlər. Hazırkı qaydalara əsasən, Olimpiya Oyunlarında medal qazananlar və Asiya Oyunlarında qızıl medal əldə edən idmançılar hərbi xidmət güzəştindən yararlana bilirlər.
Məsələnin siyasi müzakirələrə də daşındığı bildirilir. Demokratik Partiyanın nümayəndəsi Ço Kye Von mövcud sistemin gənclər arasında ciddi ədalətsizlik hissi yaratdığını bildirib.
Onun təqdim etdiyi məlumata görə, son Asiya Oyunlarında hərbi xidmət güzəştindən yararlanmaq hüququ qazanan 44 idmançının 36-sı futbol və beysbol üzrə mübarizə aparıb. Bu statistika güzəştlərin ayrı-ayrı populyar idman növlərində daha çox cəmləşdiyi ilə bağlı müzakirələri gücləndirib.
Müəllif: Tural




