Sosial · Publika.az

Azərbaycan-Mərkəzi Asiya: Bakının artan birləşdirici rolu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan-Mərkəzi Asiya: Bakının artan birləşdirici rolu xəbəri üçün şəkil

Prezident İlham Əliyev Türkmənistandadır. Türkmənbaşı şəhərində çox mühüm bir sammit var. Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü keçirilir.

2025-ci il noyabrın 16-a qədər Azərbaycan Prezidenti bu görüşlərə fəxri qonaq kimi dəvət olunurdu. Ancaq xatırlatdığım tarixdə - Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə Azərbaycan bu formata tamhüquqlu üzv olaraq qəbul edildi. Həm də yekdilliklə.

Yeri gəlmişkən, Prezident İlham Əliyev özü bu yaxınlarda Özbəkistana dövlət səfəri zamanı Azərbaycanın bu formata dəvət və qəbul edilməsində rəsmi Daşkəndin xüsusi rol oynadığını söyləmişdi. Ancaq bu, təkcə Özbəkistanın mövqeyi deyildi; bütün üzv dövlətlər bu məsələdə Azərbaycanla bağlı yekdil fikirdə idi. Ona görə səsvermədə də yekdillik vardı.

Bu gün - oktyabrın 8-də Türkmənistanda, Türkmənbaşı şəhərində bu geosiyasi həmrəylik bir daha öz təsdiqini tapdı. Həm də daha böyük mənada. Azərbaycan bu gün həmin qurumun sədri seçildi və dövlət başçılarının növbəti görüşü Bakıda keçiriləcək.

Diqqət edin: Azərbaycan C5 formatına üzv qəbul edilir və C6 formatı yaranır. Hətta bir il keçməmiş Azərbaycan qurumun sədri seçilir və növbəti görüşlərə ev sahibi statusu qazanır. Bu, Mərkəzi Asiya dövlətlərinin, dövlət başçılarının, xalqlarının Azərbaycana, Azərbaycan Prezidentinə və xalqına yüksək səmimiyyətinin və etimadının nəticəsidir.

Əslində Mərkəzi Asiya ölkələrində və cəmiyyətlərində Azərbaycana qarşı xüsusi doğmalıq hissi təkcə ortaq milli-mənəvi dəyərlərlə bağlı deyil, həm də ortaq tale seçimindən gəlir.

Bu ölkələrin strateji kursu, geosiyasət vektorları və daxildə sabitliyə - stabil inkişaf məqsədlərinə söykənən xətti hər zaman Azərbaycandan götürülən örnəklərə söykənib.

Bir neçə tarixi faktı göstərmək istərdim.

Əvvəla, Mərkəzi Asiyada və Cənubi Qafqazda ən güclü, sistemli, ən uzunmüddətli, ən məqsədyönlü milli-azadlıq hərəkatı məhz Azərbaycanda olub.

Sovet İttifaqından ayrılmaq, özünün tam müstəqil və tam suveren siyasi dövlət təşkilatlanmasına nail olmaq düşüncəsi və bu yöndə əməli mübarizə baxımından Azərbaycan həmişə öncül idi. Buna görə də Azərbaycan öz azadlığı və müstəqilliyi naminə daha çox mübarizə aparmışdı.

Bir haşiyə çıxım: bəzən deyirlər, onsuz da Sovet İttifaqı dağılırdı, hamı müstəqil oldu, bu qədər itki vermək, qurban vermək lazım deyildi və sair.

Bu fikirlərlə razılaşmıram. Bəli, milli-azadlıq hərəkatı liderlərinin səhvləri də olmuşdu. Bəzilərinin hətta günahları da vardı. Ancaq həmin tarixi mərhələyə, proseslərə böyük pəncərədən baxmaq lazımdır. Sovet rejimi öz tərkibindəki əhalisi türkdilli və müsəlman olan respublikalar arasında Azərbaycana neqativ mənada xüsusi diqqət göstərirdi. Çünki Sovet İttifaqının Türkiyə ilə və əhalisinin yarıdan çoxu türklər olan İranla (hər ikisi müsəlmanların cəmiyyətləridir) sərhədləri Azərbaycandan keçirdi (Ermənistandan keçən hissələrdə də Azərbaycan türkləri yaşayırdı). Üstəlik Türkiyə NATO üzvü, siyasi quruluş baxımından parlamentli demokratiya idi. İranda isə keçən əsrin 70-ci illərinin sonuna qədər ABŞ-a bağlı şah rejimi, sonra isə İslam Respublikası hakimiyyətləri vardı.

Bir sözlə, keçmiş İttifaq Mərkəzi - Moskva türkün türklə həmsərhəd olduğu Azərbaycandan daha çox narahat idi. Üstəlik onlar müsəlmandırsa.

Azərbaycana qarşı xüsusi amansızlıq göstərilirdi deyə, milli-azadlıq hərəkatı daha böyük vüsət almışdı, bu hərəkat daha böyük idi deyə, Moskva daha da amansız idi. Azərbaycan ona görə çox qurban vermişdi ki, daha çox mübarizə aparmışdı.

Əsas mövzuya qayıdaq. Azərbaycan sadaladığım səbəblərdən keçmiş İttifaqın başqa türk-müsəlman toplumları üçün bir növ cığıraçan, təbii öncül, dartıcı qüvvə, bir növ, danışıqsız lider statusu qazanmışdı. Bu mülahizələrimi konkret faktlarla isbatlamağa çalışacam.

Baxın, Azərbaycan 1991-ci il avqustun 30-da Azərbaycan, avqustun 31-də Özbəkistan və Qırğızıstan, sentyabrın 9-da Tacikistan, oktyabrın 27-də Türkmənistan, dekabrın 16-da Qazaxıstan öz müstəqiliklərini elan etmişdi.

Azərbaycan hər kəsdən öncə bu qərara hazır idi.

Bundan başqa daha əvvəlki yazılarımda vurğuladığım kimi, müstəqillik qazandıqdan sonra Azərbaycan keçmiş İttifaqın başqa türk-müsəlman ölkələrindən əvvəl Türkiyə ilə münasibətləri möhkəmləndirmiş, Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün, sonra isə Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının (2009-cu il tarixli Naxçıvan sazişinin), nəhayət, Türk Dövlətləri Təşkilatının təşəbbüskarı oldu. Başqa sözlə, Mərkəzi Asiyanı Türkiyə ilə yaxınlaşdıran, bağlayan - türk vəhdətinin birləşdirici həlqəsi məhz Azərbaycan oldu.

Bütün bunlar Azərbaycanın Türk dünyasında, Türk Dövlətləri Təşkilatında artan mərkəzi (həm də birləşdirici) rolunu sübut edir. Azərbaycan Prezidenti hazırda bu müstəvilərdə - Türk dövlətləri platformasında, eləcə də, Cənubi Qafqaz və Mərkəzi Asiya vahid geosiyasi məkanında ən çox (bəlkə yeganə) birləşdirici siyasi lider mövqeyindədir. Bu baxımdan, Prezident İlham Əliyevin C6 formatına sədr seçilməsi geosiyasi proseslərin təbii axarından doğub və heç də sensasiya, gözlənilməz hadisə, qeyri-adi fakt deyil.

Onu da deyim ki, doqquz gündən sonra - oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqda Konstitusiya Aktının qəbul edilməsinin və ümümiyyətlə, bu il Azərbaycan və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin 35 illiyi olacaq. Azərbaycanı C6 formatına sədr seçməklə Mərkəzi Asiya dövlət başçıları həm Azərbaycan Prezidentinə, həm özlərinə, həm də C6 ölkələrinin xalqlarına çox dəyərli hədiyyə etmiş oldular. (Bizimyol.info)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑