Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarlarla bağlı narazılıqlar artıb. Xüsusilə səhər saatlarında reyslər arasında yaranan interval səbəbindən vaqonlarda ciddi sıxlıq yaranır, sərnişinlər bir saata yaxın yolu ayaqüstə və çətin şəraitdə qət etməli olurlar. Nəticədə bu vəziyyət etirazlara səbəb olur, hətta sosial şəbəkələrdə qatarlardakı basabası əks etdirən video görüntülər yayılır.
Azərbaycan Dəmir Yolları QSC (ADY) isə yaranmış vəziyyətin son dövrlər sərnişin sayının kəskin artması, xüsusilə pik saatlarda qatar parkından daha intensiv istifadə olunması ilə bağlı olduğunu bildirib. Qurum qeyd edir ki, sentyabrda sərnişin artımı nəzərə alınaraq əlavə reysə cəlb olunan qatar oktyabrın 5-dən təmirə göndərilib və bu səbəbdən hərəkət cədvəlində müvəqqəti dəyişiklik edilib. ADY problemin aradan qaldırılması üçün əlavə qatarların alınması və mövcud imkanların genişləndirilməsi istiqamətində tədbirlərin görüldüyünü açıqlasa da, sərnişinlər hazırda sıxlıq və narahatlıqla üz-üzə qalırlar.
Sumqayıt-Bakı xəttində səhər saatlarında yaranan sıxlıq nə vaxt aradan qaldırılacaq? Bakı-Xırdalan-Sumqayıt reysinin bərpası və vaqon sayının artırılması gündəmdədirmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, son illərdə dəmir yollarında stansiyaların sayının artırılması, əlavə reyslərin təşkili, xətlərin əsaslı təmiri və yeni qatarların gətirilməsi istiqamətində işlər sürətləndirilib:
“Hazırda dəmir yolu ictimai nəqliyyatın mühüm qollarından biri kimi fəaliyyət göstərir. Xüsusilə Bakı və ətraf ərazilərdə dəmir yolu xətlərinin genişləndirilməsi müsbət göstəricidir. Bakı-Sumqayıt marşrutunda yaranan problemlərin qarşısını almaq üçün qatar parkının genişləndirilməsi məqsədəuyğundur”.
Eldəniz Cəfərov
Ekspert bildirib ki, tələbat artdıqca yeni qatarların gətirilməsi prosesi sürətləndirilməlidir:
“Texniki səbəblərdən təmirə və texniki qulluğa göndərilən qatarları əvəz etmək üçün ehtiyat qatarlar da olmalıdır. Əminəm ki, Sumqayıt-Bakı marşrutu üzrə səhər reysi yenidən bərpa olunacaq”.
Ləman İmran
Globalinfo.az




