29 ölkənin xarici işlər nazirləri İranı hibrid əməliyyatlarda, o cümlədən kiberhücumlarda və təxribatlarda ittiham ediblər.
Publika.az Böyük Britaniya hökumətinə istinadən xəbər verir ki, bu barədə 29 ölkənin imzaladığı birgə bəyanatda bildirilib.
Sənədi Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ imzalayıb.
Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş vermiş hadisə ilə əlaqəsinə dair Londonun gəldiyi nəticələri qəbul etdiklərini bildiriblər.
Bəyanatda vurğulanıb ki, İranın və ya başqa dövlətlərin maraqları naminə düşmənçilik fəaliyyəti həyata keçirən şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar. Nazirlər ölkələrinin suverenliyini qorumaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və vətəndaşların təhlükəsizliyini təmin etmək məsələsində qətiyyətli olduqlarını qeyd ediblər.
Qeyd edək ki, sentyabrın sonunda Feyrford aviabazası yaxınlığında ehtimal olunan sui-qəsdlə əlaqədar terror cinayətləri törətməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.





