İranda iqtisadi böhran səhiyyə sektorunu da ağır vəziyyətə salıb.
KONKRET.az xəbər verir ki, minlərlə həkim qazancının yaşayış xərclərini ödəməməsi səbəbindən tibb sahəsindən uzaqlaşaraq taksi sürücülüyü, yaşlılara qulluq və digər işlərlə məşğul olmağa başlayıb.
İranın “Şərq” qəzetinin dərc etdiyi araşdırmada ölkənin səhiyyə sistemində yaranmış ciddi böhranın miqyası açıqlanıb.
İran Ümumi Praktika Həkimləri Assosiasiyasının rəhbəri Əhməd Vəliburun sözlərinə görə, ölkədə ümumi praktika həkimlərinin təxminən 35 faizi artıq həkimlik fəaliyyəti ilə məşğul olmur.
İran Tibb Təşkilatının sözçüsü Rza Laripur isə daha ciddi rəqəm açıqlayıb. Onun bildirdiyinə görə, 50 mindən çox ümumi praktika həkimi faktiki olaraq müalicə sistemindən kənarda qalıb.
Araşdırmada qeyd olunur ki, həkimlərin böyük hissəsinin aylıq gəliri 25-35 milyon tümən arasında dəyişir. İcarə haqlarının, vergilərin, tibbi avadanlıq və digər xərclərin artması nəticəsində çoxsaylı həkimlər şəxsi klinikalarını bağlamağa məcbur olublar.
Ən diqqətçəkən məqamlardan biri isə taksi sürücülüyünün bəzi hallarda həkimlikdən daha gəlirli olmasıdır.
Tehran Universitetinin məzunu olan Əlirza adlı həkim bildirib ki, Kərəcdə klinikada işlədiyi dövrdə taksi sürücülüyündən əldə etdiyi qazanc tibbi fəaliyyətdən qazandığından təxminən iki dəfə çox olub.
Digər həkim isə maddi vəziyyətinin o qədər ağırlaşdığını bildirib ki, taksi sürmək üçün hətta ucuz avtomobil almağa belə imkanı çatmır.
43 yaşlı Pedram adlı həkim isə şəxsi kabinet açmağa vəsait tapmadığından yaşlı insanlara qulluq sahəsində iş axtardığını açıqlayıb.
Böhran yalnız ümumi praktika həkimləri ilə məhdudlaşmır. Araşdırmaya əsasən, bəzi ixtisaslı həkimlər də klinikalarını bağlayaraq sərnişindaşıma sahəsinə keçiblər.
Rza Laripur xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, qarşıdakı on ildə İran çox böyük həkim işsizliyi problemi ilə üzləşə bilər.
Bundan başqa, ürək cərrahiyyəsi, uşaq cərrahiyyəsi, anesteziologiya və infeksion xəstəliklər kimi mühüm ixtisaslar üzrə hazırlıq yerlərinin bir hissəsi boş qalır.\\Musavat.com




