Ölkə.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın “Slaviya” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi qarşılaşmaya ciddi hazırlaşdıqlarını və əsas məqsədlərinin üç xal qazanmaq olduğunu bildirib.
“Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas odur ki, meydanda düşündüklərimizi icra edək və 3 xal qazanaq”.
Dambrauskas rəqibin oyun üslubuna da toxunaraq “Slaviya”nın hücumameyilli komanda olduğunu vurğulayıb.
“Slaviya”nın çox yaxşı oyun üslubu var. Onlar bu görüşə çox yaxşı hazırlaşıblar. Heç vaxt yorğun olmayan komandaya qarşı mübarizə aparacağıq. “Slaviya” hücumameyilli komandadır. Bununla belə, öz gücümüzə inanıram. Düşünürəm ki, meydanda rəqibin zəif nöqtələrini tapacağıq”.
O Çempionlar Liqasında komandanın keyfiyyətinin mühüm rol oynadığını qeyd edib. O, rəqib seçimindən asılı olmayaraq, bütün görüşlərdə layiqli mübarizə aparmağa çalışacaqlarını deyib.
“Bura Çempionlar Liqasıdır. Burada komandanın keyfiyyəti önəm daşıyır. Mənim rəqib seçmək kimi bir şansım yoxdur. Bütün rəqiblərimizə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. “Slaviya” uzun müddətdir ki, Çempionlar Liqasında səfərdə qələbə qazanmır. Onlar bu görüşdə qalib gəlmək istəyəcəklər. Bu vəziyyət mənim üçün motivasiya mənbəyi deyil. Mənim üçün əsas motivasiya meydana çıxmaq və gözəl oyun sərgiləməkdir. Futbolçularıma güvənirəm”.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.




